"Türkiyə indi sanki buraxdığı səhvlərin acısını çəkir"
Teleqraf.com sabiq təhsil naziri, professor Firudin Cəlilovla müsahibəni təqdim edir.
- Firudin müəllim Almaniya Bundestaqının saxta erməni soyqrımı haqda qətnaməsini necə qiymətləndirirsiniz?
- Bu ciddi məsələ olsa da, təşvişə düşmək lazım deyil. Əslində istənilən Avropa-xristian ölkəsindən belə qəfil addımların atılması gözləniləndir. Yəni qeyri-adi bir şey yoxdur. Almaniya 100 il əvvəl dünyanı qarışdırdığı kimi yenə də düşünülməz addımlar atır. Halbuki Almaniya-Türkiyə münasibətləri çox yaxşı idi, bu dövlətlər tarixi müharibələrdə müttəfiq olublar. Ancaq iş ondadır ki, Alman parlamentində bu məsələni gündəmə gətirənlərin pasportlarında milliyyəti türk olaraq yazılan şəxslərdir. Bundestaqın 11 nəfər deputatıının pasportlarında milliyyəti türk olaraq yazılıb, onlar vaxtilə Türkiyədən köçüb gediblər. Maraqlıdır ki, qətnamənin təşəbbüskarı bu şəxslərdir. Bundestaqda yeganə alman xanımı bu qətnamənin əleyhinə çıxıb. Görünür, həmin xanımın tarixdən, siyasətdən başı çıxır. Bu 11 nəfər haqda hazırda Türkiyə mediasında yazılar gedir. Bəziləri bunların erməni, bəziləri kürd, bəziləri türk olduğunu yazır. Ancaq mən neçə illərdir deyirəm ki, qardaşım türk olmayan şəxslərin pasportuna nədən milliyyətini türk yazırsınız? Bütün proses burdan qaynaqlanır. Belələri türk adına Avropaya gedirlər, vətəndaşlıq əldə edirlər, deputat seçilirlər. Hər yerdə də guya türk millətini təmsil edirlər. Əslində isə onlar türk düşmənləridir və qanlarında türklük yoxdur. Qətnaməni Bundestaqda gündəmə gətirən millət vəkili çərkəzdir və bir qədər də araşdırılsa, erməni çıxacaq. Başqa sözlə, bu 100 il davam edən səhvin nəticədir. Əgər adam çərkəzdirsə, yaz çərkəzdir, kürddürsə, kürd, ermənidirsə, erməni yaz. Sən bunları ucdan tutma türk yazırsan, düşünürsən ki, türkdür və qardaşımdır. Və sonda qəfildən arxadan səni bıçaqlayır. Bu məsələdə ciddi olmaq lazımdır. Əgər onların pasportlarında türk deyil, öz millətlərinin adı qeyd edilsəydi, indi onlar bu mərtəbəyə gəlib çata da bilməzdilər. Məsələ bundadır.
- Bu qətnamə Alman parlamentinin adından çıxarılıb. Bunun nəticələri nədən ibarət ola bilər?
- Bir daha qeyd edirəm ki, çox da təşvişə düşmək lazım deyil. Bu kimi sənədlər dünya siyasi şüurunda soyqrım faktını beyinlərə yeridir, onun olduğu haqda rəy yaradır. Bu mənada qərarların Türkiyəyə ziyanı var. Ancaq Bundestaq lap 10 dəfə belə qətnamə qəbul etsin. Normalda tarixdə baş verən hadisələri parlamentlər təsdiqləyə və ya inkar edə bilməz. Bu tarixçilərin, mütəxəssislərin işləridir. Odur ki, parlamentin belə qərar veerməsinin hüquqi aspekti yoxdur. Bu sənəd sadəcə, münasibət bildirməkdir. Təbii ki, bunun altında uzağa gedən fikirlər də var.
- Hansı fikirlər?
-Yəni Türkiyədən təzminat tələb etmək, torpaq istəmək. Belə əndişələr var. Lakin biz bu məsələlərdə türk millətinin yanındayıq, onu haqlı sayırıq, bütün bunların həm də erməni hiyləsi olduğunu gözəl bilirik. Odur ki, könlümüzü tox, gözümüzü açıq tutmalıyıq. Öz adımızla düşmənlərimizə türk adı qoyub içimizdə yer verməməliyk.
- Bütün ölkələr belə saxta qərarlar qəbul etsə, nə olacaq?
- Mən bilən təxminən 20-yə qədər ölkə bunu qəbul edib və ya münasibətini bildirib. Ancaq bir anlığa gəlin düşünək ki, dünyanın yüz ölkəsi bizim Xocalı soyqrımını qəbul etdi. Lap bunlar tanınmış dövlətlər olsun. Uzağı bu məsələ BMT tribunasına daşınacaq və oradan bəyan ediləcək ki, ermənilər soyqrım aktı həyata keçiriblər. Bu mənada lap Yaponiya, Koreyada saxta erməni soyqrımını tanısın. Axırı sonda məsələ gəlib BMT-də müzakirə ediləcək. BMT-nin aldığı qərarlar da bizə bəllidir. Bu qurum Azərbaycanla bağlı 4 qətnamə verib, lakin bu sənədlərin üzünə baxan yoxdur.
- Türkiyə hökumətinin buna qarşı atdığı addımları yetərli sayırsınızmı?
- Təbii ki, Türkiyə müəyyən addımlar atacaq. Amma özlərini tox tutmalı, hətta bir qədər onları lağa qoymalıdırlar ki, gərək sən bunu etməyəydin. Çünki tarixdə ən dəhşətlı soyqrımı sən etmisən, dünya bunu qəbul edib, ortada bu faktlar var. Ələ salmaq, aşağılamaq ovqatı ilə cavab vermək lazımdır.
- Bu qərarın Dağlıq Qarabağ məsələsinə hər hansı bir təsiri olacaqmı?
- Yox. Bunlar ayrı-ayrı məsələlərdir.
- Demək istəyirsiniz ki, proses ermənilərin mövqeyini gücləndirməyəcək?
- Bu mövzu ermənilərlə bağlı olsa da, maraqlı qüvvələr tam ayrıdır. Yəni bu Alman "dərin dövləti"nin atdığı addımdır. Onların strategiyasını öyrənmək, araşdırmaq lazımdır. Mən bu məsələni araşdırmamışam. Odur ki, bu qətnamədən sonra hansı addımlar olacaq və s. haqda düşünmək lazımdır. O bəllidir ki, bütün hallarda bu qətnamə ilə Türkiyəyə təsir etmək niyyəti güdülür. İnanmıram ki, bu ermənilərə xüsusi bir güc versin. Buna əsla inanmıram.
- Türkiyədə 3 milyona yaxın ərəb qaçqını var. İndiki mərhələdə Türkiyə bu amildən istifadə edərək Avropaya qaçqınların daxil olmasını stimullaşdıra bilərmi?
- Ümumiyyətlə, Türkiyə qaçqınlar amilindən istifadə etməlidir. Bu qaçqınların Avropaya getməsinin qarşısını almamalıdır. İmkan verməlidir ki, qaçqın problemi ilə Avropanın özü məşğul olsun. Türkiyə hökumətində bir qədər vahid mövqe yoxdur. Məncə, hökumət ayağını yerə vurmağı bacarmalıdır. "Bir tərəfdən Avropanın dediklərini edək, digər tərəfdən Avropaya təpik ataq" siyasəti artıq yerimir. Konkret mövqe tutulmalıdır. Bu qətnaməni dünən Almaniya, sabah İngiltərə, birisi gün İspaniya qəbul edəcək. Odur ki, Türkiyə gözünü açmalıdır. Türkiyə anlamalıdır ki, onun arxa bağçası var. Güney Azərbaycan, Quzey Azərbaycan var. Quzey Qafqaz var, Xəzərin o biri sahillərində 5-6 türk dövləti var. Türkiyənin gücü burdadır. Ancaq Türkiyə bunları görməzdən gələrək Avropaya doğru istiqamət götürməməlidir. Türkiyə indi sanki buraxdığı səhvlərin acısını çəkir.
NEMƏT