ADA Universitetinin professoru, məcburi köçkün, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini Gülməmməd Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Öncə Azərbaycanın Qarabağın işğaldan azad olunması istiqamətində əks-hücum həmləsi ilə bağlı fikirlərinizi öyrənmək istərdik...
- Hamının bildiyi kimi, 30 ildir torpaqlarımız işğal altındadır. Azərbaycan bu konflikti sülh yolu ilə həll etməyə çalışır, danışıqlar aparılır. Bu ilin iyul ayında Ermənistan tərəfindən Azərbaycana qarşı Tovuz rayonu istiqamətində təxribat törədildi. Hücum oldu, Ermənistan strateji nöqtələri işğal etmək niyyətinə düşdü.
Ordumuz onları yerinə oturtsa da, onlar bu müharibə ritorikalarını davam etdirdilər. Sərhəd bölgəsinə daha çox qoşun yığmağa başladılar, xüsusilə işğal etdikləri ərazilərimizdə, cəbhə xəttinə yaxın ərazilərdə çox böyük hərbi güc yığırdılar. Təbii ki, bu, hücum edəcəklərini göstərirdi. Bunu Ali baş komandan, Prezident İlham Əliyev dəfələrlə öz bəyanatlarında bəyan etdi. Bu, 27 sentyabr səhər saatlarında reallığa çevrildi. Yaşayış məntəqələrini, mövqelərimizi ağır artilleriya atəşinə tutmağa başladılar. Təbii ki, ordumuz torpaqlarımızın ərazi bütövlüyünü qorumağa qadirdir. Azərbaycanın sülhməramlı mövqe göstərməsi o demək deyil ki, zəifik. Ordumuz əks-hücuma keçdi və heç təəccüblü deyil ki, ilk gündə 7 kənd işğaldan azad edildi.
Mühüm tarixi günləri yaşayırıq. Artıq Madagizdə bayrağımız dalğalanır, cənab prezident Madagizin tarixi adını bərpa etdi, artıq yenidən Suqovuşan adlanır, Cəbrayıl və daha 10 kəndimiz işğaldan azad edildi. Ordumuz böyük rəşadətlə işğalçı Ermənistanın işğalçı ordusunun mövqelərinə dağıdıcı zərbələr endirir. Heç şübhə yoxdur ki, bütün işğal edilmiş torpaqlarımızın hər qarışını güclü ordumuzun əzmi sayəsində azad edəcəyik.
Bunu etmək üçün beynəlxalq hüquq tərəfimizdədir, bütün dünya işğal olunmuş əraziləri bizim ərazilərimiz olaraq tanıyır. Dünya Ermənistanın işğalçı siyasətini pisləyir, bununla bağlı təsdiq olunmuş hüquqi sənədlər, BMT-nin 4 qətnaməsi var. Bu savaşı öz ərazimizdə aparırıq. Heç kim Azərbaycanı hansısa qeyri-qanuni əməliyyat aparmaqda ittiham edə bilməz. Azərbaycanın mövqeyi budur ki, hədəfimiz erməni xalqı yox, işğalçı Ermənistan ordusudur, onlar torpaqlarımızdan dərhal çıxıb getməlidir. Əməliyyatların dayanması üçün bir şərtimiz var, o da işğalçı Ermənistan ordusunun tamamilə torpaqlarımızdan çıxmasıdır.
- Hazırkı döyüş taktikamızı necə qiymətləndirirsiniz?
- İşğalçı Ermənistan ordusu işğal etdiyi ərazilərin hər qarışını səngərə çevirib. Demək olar ki, Ermənistanın bütün ordusu işğal etdiyi ərazilərdədir. Ordumuz onların müdafiə nöqtələrini, artilleriya qurğularını sıradan çıxarır, onların silah-sursat anbarlarını məhv edir. Bu əməliyyatlar zaman alır. Ermənistanın işğalçı qoşunlarına dağıdıcı zərbələr endiririk və bunun nəticələrini, daha çox ərazimizin işğaldan azad olunması xəbərlərini yaxın günlərdə daha aydın görməyə başlayacağıq. Çünki Azərbaycan ordusu işğalçı Ermənistan ordusunun artilleriya nöqtələrini susdurmaqla əməliyyatlar aparır.
- Necə düşünürsünüz, bu çətin mübarizədə döyüşləri davam etdirmək lazımdırmı? Bu il Qarabağ həsrətinə son qoyula bilərmi?
- Hesab edirəm ki, bu məsələ yaxın həftələrdə öz həllini tapacaq. 30 ildir ki, biz bu günü gözləyib, səbr nümayiş etdirmişik. Hansısa vədlərlə bizi heç kim aldada bilməz. Öz taleyimizi, müqəddəratımızı özümüz həll edirik. Haqq yolunda öz gücümüzlə ədalətimizi bərpa edəcəyik. Bunun qarşısında heç bir güc, heç bir qüvvə dura bilməz. Xalq öz iradəsini ortaya qoyur, ordumuzun, prezidentimizin arxasındayıq. Bütün Azərbaycan Qarabağı azad etməyə çalışır. Hamımız bir yumruq kimi birləşmişik. Ya ordumuz torpaqları azad etməlidir, ya da Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən məcbur edilməlidir ki, öz işğalçı ordusunun dərhal bütün işğal etdiyi ərazilərdən çıxarsın. Şəhidlərimizin qanı yerdə qalmayacaq, qisasları alınır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri arasında da bir şəhid atası var. Həmin şəhid atası ilə icmanın sədri Tural Gəncəliyev danışdı, başsağlığı verdi. Mən o atadakı əhval-ruhiyyəni səsindən duydum, valideyn "övladım nə yaxşı ki, bu yolda şəhid oldu" deyirdi.
- "Böyük Ermənistan" xülyası ilə yaşayan Ermənistan zaman-zaman ayrı-ayrı dövlətlərə qarşı da torpaq iddiası ilə çıxış edir...
- Dağlıq Qarabağda azərbaycanlılarla birlikdə yaşayan ermənilər olub və indi də var. Erməni əhalisi ilə nə bizim, nə də ordumuzun heç bir işi yoxdur. Bizim savaşımız işğalçı erməni ordusu ilədir. O işğalçı, kriminal ünsürlər, qondarma erməni rejimi var orada, kriminal ünsürlər oradan təmizləndikdən sonra həyat zamanla öz normal axarına qayıdacaq. Çünki ölkəmiz kultural cəmiyyətdir. Yəqin ki, müharibə bitdikdən sonra, oradakı ermənilər öz həyatlarına davam edəcəklər. Çünki, Azərbaycan müharibə qaydalarına uyğun olaraq savaşını davam edir və burada mülki əhali hədəf deyil.
- Təcavüzkar Ermənistan durmadan mülki əhalini hədəfə alır, bu isə Cenevrə konvensiyasının qaydalarına ziddir. Bu halda, Ermənistanı hansı cəzalar gözləyir?
- Cenevrə qaydalarının pozulması müharibə cinayəti hesab edilir. Ermənistan hansı formada cəzalandırıla bilər, bu, beynəlxalq hüqu prosedurlarına əsasən təyin olunmalıdır. İndiki cinayətləri törədən hərbi siyasi hakimiyyətdə olan şəxslər cinayətə cəlb olunmalıdır. Mən şübhə etmirəm ki, mülki əhalinin yaşadığı məntəqələri atəşə tutduğu üçün Ermənistan beynəlxalq hüquq qarşısında cavab verəcək. Azərbaycan Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq aləmi məlumatlandırır.
Ermənistan iddia edir ki, guya Azərbaycan onun əhalisini atəşə alır, bunlar təxribat xarakterli məlumatlardır, öz cinayətlərinə haqq qazandırmağa yönəlik addımlardır.
- Bu günlərdə informasiya müharibəsi də önəmlidir. Ermənistan tez-tez yalan xəbərlər yayır...
- Çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi çoxlu saxta xəbərlər yaymaqla məşğuldur. Onlardan ən çoxu guya Azərbaycan tərəfindən hansısa xaricdən gətirilmiş qüvvələrin savaşmasıdır. Təbii ki, bunların hamısı yalandır. Bunun məqsədi digər qüvvələri bu konfliktə cəlb edərək, nəyəsə nail olmaqdır. Azərbaycan öz insan resursları ilə öz ərazilərini işğalçı qoşundan azad etməklə məşğuldur. Azərbaycanı heç kim bu hüququndan məhrum edə bilməz.
- Dağlıq Qarabağın Azərbaycanlı İcması hər zaman olduğu kimi Tovuz döyüşləri zamanı da bəyanat yaydı. Hazırkı əks-hücum əməliyyatları fonunda hansı addımları atmısınız?
- İcma olaraq hər zaman bu prosesləri yaxından izləyirik, yayılan saxta məlumatlara münasibət bildirib, onları ifşa edirik. Müxtəlif təşkilatlara, beynəlxalq nümayəndəliklərə məktublar göndəririk. Öz mövqeyimizi hər zaman ortaya qoymuşuq, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın ərazi bütövlüyü daxilində bizimlə birlikdə yaşaya bilərlər. İcma olaraq bu təklifi vermişik. Lakin erməni tərəfi nəinki bizə cavab vermədi, hətta bizim mövcudluğumuzu inkar etdi. Təbii ki, bu, qəbuledilməzdir. Yenə də mesajlarımızı davam etdirir, orada yaşayan erməni əsilli azərbaycanlılara çağırışlar edirik. Onlar başa düşsünlər ki, hədəfimiz mülki insanlar deyil.
- Tovuz döyüşləri zamanı icma YUNESKO-nun sülhməramlı səfiri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Coliyə müraciət ünvanlamışdı. Müraciətin nəticəsi necə oldu?
- Təbii ki, belə müraciətləri edirik. Bəzən nəticəsi olur, cavab gəlir. Əsas nail olmaq istədiyimiz odur ki, məlumatı verək, mövqeyimizi bildirək. Məqsədimiz kömək istəmək deyil, hər hansı formada mövqe bildirmək istəsələr, bu həqiqəti də bilsinlər. O baxımdan o məktubu ünvanladıq.
- BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, indiyə kimi yerinə yetirilməyib və illərdir ki, laqeyd yanaşma hökm sürür. Lakin hazırda BMT, ATƏT tərəfləri sülh danışıqlarına, müharibəni dayandırmağa dəvət edir...
- BMT-nin 4 qətnaməsi 30 ilə yaxındır ki, kağız üzərində qalıb, Ermənistan bu qətnamələri yerə vurub. Bununla bağlı Ermənistanla BMT Təhlükəsizlik Şurasının görüşü oldu və verdikləri bəyanat o oldu ki, atəşkəs olsun, danışıqlar başlasın. Bizim gözləntimiz budur ki, Ermənistan qoşunlarını dərhal, qeyd-şərtsiz işğal etdiyi ərazilərimizdən çıxarmalıdır. Biz onların mövqeyini rədd edirik. İkili standartlara son qoyulmalıdır, 30 ildir yurd-yuvasından qovulmuş insanlar olaraq dünya ictimaiyyətindən bizə dəstək verilməsini tələb edirik. Bizim bu istəyimizə qarşı gedən hər hansı bəyanat bizim üçün zibildən də dəyərsizdir.
Onlar bir milyondan çox məcburi köçkünün hüquqlarının dilə gətirmir, amma nədənsə Dağlıq Qarabağda yaşayan bir ovuc erməninin hüquqları onlar üçün önəmlidir. Azərbaycanla yaxşı münasibət qurmaq istəyən bu qurumlar bizim maraqlarımızı nəzərə almalıdır. ATƏT bizim haqqımızı tanımırsa, regionda olan maraqlarından imtina etməlidir. Bizim hüquqlarımızı müdafiə etməyənlərin maraqları regionda təmin edilə bilməz.
- Qərb ölkələri nəyə görə bu məsələyə biganə yanaşır?
- Fransa Prezidenti Emmanuel Makron bütün dünyanın tanıdığı Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edib. Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasına imkan verməyəcək. Bununla Makron beynəlxalq hüququ yerə vurur, Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bildirir. Hesab edirəm ki, Azərbaycan Fransa ilə münasibətlərinə yenidən baxmalı, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri rolundan məhrum edilməsi məsələsini qaldırmalıdır. Çünki bizim ərazi bütövlüyümüzü tanımayan, mütəmadi olaraq ermənilərin işğalçı siyasətinə dəstək verən Fransa özünü münaqişəni guya həll edən neytral tərəf kimi göstərə bilməz. Görünür ki, Fransa öz imperialist düşüncəsinin girovuna çevrilib.
Həmçinin ABŞ...1 milyondan çox məcburi köçkün və qaçqın yeməyə nəsə tapmayanda müxtəlif ermənipərəst konqresmenlər vasitəsilə ABŞ Ermənistana Azərbaycandan 4 dəfə çox yardım göndərib. Bu yay biz ABŞ-ın müstəqillik günü münasibətilə ABŞ səfirliyinə təbrik məktubu göndərdik. ABŞ səfirliyi bizə cavab yazaraq, məktubunda Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarını müdafiə edib, onların haqqında danışıb, amma 1 milyon məcburi köçkün düşən insanın hüququndan danışmır. Amerikanın bu mövqeyini rədd edirik, hesab edirik ki, Amerika Azərbaycanla münasibətlərinə yenidən baxmalı və məcburi köçkünlərin torpaqlarına qayıtmaq istəyini tanımalıdır.
- Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycana dəstəkdir. Amma Qərb ölkələri ona təzyiq göstərir. Burada səbəb Dağlıq Qarabağ münaqişəsi ola bilərmi?
- Türkiyə bizim qardaş ölkəmizdir. Heç bir proses, heç bir hadisə bu bağa təsir edə bilməz. Ermənistan ərazilərimizi işğal edib və bu qədər insanı məcburi köçkün halına gətirib, 30 ildir dünya ictimaiyyəti bu haqqımızı bərpa etmir. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq ən azından siyasi müstəvidə bizim mövqeyimizi dəstəkləyir və dünya ictimaiyyətinə deyir ki, yetər ikiüzlülük etdiniz. Türkiyənin mövqeyi haqq mövqeyidir, qanunidir. Türkiyənin bu münaqişədə Azərbaycanı dəstəkləməsinə heç kim irad bildirə bilməz. İrad bildirənlər əvvəlcə öz davranışlarını təhlil etsinlər.
- Tovuz döyüşlərindən sonra Ermənistanın təkrar hücumunda məqsəd nədir? Hazırkı vəziyyət Paşinyanın hakimiyyətdən getməsinə təsir edə bilərmi?
- Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onların işğalçı siyasəti davam edir. Buna görə də, Paşinyanın hakimiyyətdə olub-olmaması, konfliktin həlli baxımından bizim üçün heç bir önəm daşımır. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndə konfliktin həll olunmasına ümidlənsək də, çox qısa zamanda bu ümidimizin yanlış olduğunu gördük. Paşinyan öz müharibə ritorikasını artan intensivliklə davam etdirdi, Azərbaycana qarşı iddialar irəli sürdü. İşğal olunmuş ərazilərimizə gəlib bildirdi ki, “Qarabağ Ermənistandır”. Bu artıq Ermənistanın torpaqlarımıza qayıtmamaq üçün apardığı siyasətin pik nöqtəsi hesab edilir. Paşinyan faktiki olaraq danışıqlar prosesini tamamilə vecinə almırdı. Bu az imiş kimi Azərbaycana sanki növbəti dərsi vermək xülyasına düşdü. Cenevrə Konvensiyasının 49-cu maddəsində qeyd edilir ki, müharibə baş verirsə, mülki əhali köçürülə bilməz. Əgər zərurət yaranarsa, işğal edilmiş ərazinin mövqeləri daxilində dəyişiklik edilə bilər. Amma əməliyyatlar dayanan kimi geri qayıtmalıdır, bunun əksi müharibə cinayəti kimi təsvir edilir. Ermənistan bu 30 ildə mütəmadi olaraq müharibə vəziyyətini saxlamaqda maraqlıdır. Həm Tovuzdan, həm işğal etdiyi ərazilərdən hücum edir ki, müharibə vəziyyəti pərdəsi altında özünü Cenevrə Konvensiyasının 49-cu maddəsinin tələbindən sığortalasın. Ermənistan bu şansdan torpaqlarımızda məskunlaşmaq siyasətini yerinə yetirmək üçün istifadə edir. Bu vaxtdan istifadə edib, işğal etdiyi əraziləri Ermənistana ilhaq etmək siyasətini yerinə yetirib.
- Ermənistan mütəmadi olaraq təxribatlara əl atır. İndi isə Azərbaycandakı etnik qruplara müraciət edir...
- Hazırkı mübarizə Azərbaycanın birləşmə əzmini, gücünü göstərdir, üzümüzə inamı gücləndirib. Eyni zamanda Azərbaycanı müşahidə edən xarici qüvvələr üçün də mesaj oldu ki, Azərbaycan öz maraqlarını qoruya bilən, uğrunda mübarizə aparan dövlətdir. Azərbaycanın maraqları ilə hesablaşmaq lazımdır, bunu xarici qüvvələrə göstərdi. Ermənistan tərəfi təxribat xarakterli məlumat yayaraq, Azərbaycanda yaşayan etnik qruplara müraciət edib. Onlar öz xəyənətkar düşüncələri ilə hesab edirlər ki, bununla nəyəsə nail ola bilərlər. Başa düşmür ki, Azərbaycanın gücü onun cəmiyyətinin multietnik olmasıdır. Azərbaycan hər bir azərbaycanlının vətənidir və hər bir azərbaycanlı döyüşməyə hazırdır. Heç bir halda heç kim xəyanət haqqında kiməsə ümid verməsin ki, hansısa formada belə təxribat yarada bilərlər. Azərbaycan Ermənistan kimi monoetnik ölkə deyil.