14 May 2022 21:21
1 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı separatçı rejim Ermənistan Baş naziri Nikol Paşinyanın sülh proqramına razılıq verib.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edvard Antinyan deyib.

“Ermənistan parlamentindəki və bundan kənardakı müxalif qüvvələrin davranışlarının məntiqsizliyi sərhədsizdir. Onlar ətraflarında nə qədər böyük ictimai kütlə toplaya bilmirlərsə, bir o qədər aqressivləşirlər. Gedib meriyanın binasının qabağını bağlayıb dedilər ki, vətəndaşlar onların mitinqinə qatılmaq şərti ilə dağılışacaqlar. Parlamentdəki müxalif deputatlar da bunu dilə gətirdilər, bu, gülüncdən də artıqdır”, - Antinyan vurğulayıb.

O əlavə edib ki, polis etirazlara daha sərt şəkildə müdaxilə etməlidir.

Antinyanın sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, müxalifətin mitinqlərində iştirak edənlərin sayı günbəgün azalır. Onun fikrincə, bunun əsas səbəblərdən biri indiki müxalifət liderlərinin hakimiyyətdə olarkən etiraz edənlərə və ya mitinqlərə qatılanlara aqressiv münasibət sərgiləməsidir.

“İndi bunun əksi baş verir: liderlər radikal çağırışlar edir, amma cəmiyyət onların ətrafında birləşmir. Hərəkat artıq iflasa uğrayıb, dalana dirənib, amma müxalifət liderlərinin bunu etiraf etmək üçün iradələri yoxdur.”, - politoloq bildirib.

Antinyan müxalifət liderlərinin (Serj Sərkisyan, Robert Köçəryan, Artur Vanetsyan və s.) Qarabağla bağlı səs-küylü bəyanatlarını “məntiqsiz” adlandırıb.

Politoloq Araik Arutyunyan və digər separatçıların Paşinyanın Azərbaycanla sülh danışıqları ilə bağlı proqramına müsbət baxdıqlarını, bununla razılaşdıqlarını deyib:

“Onlar Qarabağ uğrunda mübarizə apardıqlarını deyirlərsə, onlara xatırladaq ki, oradakı “hökumət” Nikol Paşinyanın sülh proqramı ilə razıdır. Bu yaxşıdır, yoxsa pis, amma onlar razıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu