24 Noyabr 2023 16:13
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın sakinləri doğma yurdlarına köçürülür. İndi gündəmimizi Qarabağa qayıdışla bağlı müjdəli xəbərlər bəzəyir.

İşğal zamanı dağıntılar altında qalan Laçında artıq sürətli inkişaf dövrü başlayıb. Azərbaycan 30 il sonra erməni işğalından azad etdiyi tarix şəhərdə müharibənin izlərini silir.

Dağılmış və xarabalığa çevrilmiş Laçında insanların rahat yaşamaları üçün tarixi binalar, evlər bərpa olunur, yeni mənzillər, iaşə obyektləri tikilir. Şəhərin bütün infrastrukturu – su, kanalizasiya, qaz və elektrik xətləri, yolları yenidən qurulub.

Düşmənin viran qoyduğu qədim Laçın şəhəri indi müasir görkəmə bürünüb. Öz sakinlərinin qayıdışına sevinir...

Teleqraf.com Laçın sakinlərinin təəssüratlarını öyrənib.

Şəhər sakini Elmira Abbasova 4 aydan artıqdır ki, doğma yurduna köçüb yaşayır. O, ilkin təəssüratlarını sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyir: “O anları yaşayanlar bilər. Laçın əvvəl gördüyümüz kimi deyil. Şəhərin indiki siması maraqlı və çox gözəldir. İlk vaxtlar hər şey mənə çox qəribə gəlirdi, sanki fərqli bir yerə düşmüşdüm. Sonra yavaş-yavaş alışırsan, öyrəşirsən...”

58 yaşlı Elmira Abbasova deyir ki, 27 il Laçında yaşayıb: “İşğaldan sonra Qobustanda qəzalı yataqxana binasında məskunlaşıb illərdir ki, ailə üzvlərimizlə orada yaşamışıq. Çəkdiyimiz əziyyətlərdən danışmaq istəmirəm. Digər keçmiş məcburi köçkünlərə də tezliklə doğma yurdlarına qayıtmağı arzulayıram.

İllər sonra həsrətində olduğun Vətənə dönməyi, burada yaşamağı xəyalımıza gətirə bilməzdik. Ayrılıq çətindir. Hərdən çölə çıxıb evə, həyətə, şəhərə baxıram. İnanmaq olmur... Allaha yalvarıram ki, bütün xəyalları belə gerçəkləşdirsin. İşğaldan ən son azad olunan Laçın oldu, amma ən birinci köç Laçına gəldi. Bu günə çox şükür”.

Müsahibimizin şəhidlərin adını çəkəndə gözləri dolur: “Çox pis oluram. Elə bala var ki, heç ata görmədi. Şəhidlərin doğmaları qarşısında baş əyirəm. Onları böyüdən anaların əllərindən öpürəm. Elə qazilərimiz var ki, onlar canlı şəhiddir. Gözü, qolu, əli, ayağı yoxdur. Allah onları tezliklə sağlamlıqlarına qovuşdursun. Hazırda hərbi xidmət çəkən əsgərlərimizə Allah can sağlığı versin. Allah Ali Baş Komandanımıza can sağlığı, uzun ömür versin. Xəyallarımızı gerçəkləşdirdi.

Bir də Laçının torpağına, suyuna həsrət dünyadan köçənlərimiz var. Onların bu günləri görməməsi insanı ağrıdır. Allah bütün torpaq həsrəti ilə dünyasını dəyişənlərə də rəhmət etsin. Ruhları şad olsun”.

Elmira xanım Laçının yeni görkəmindən də ürəkdolusu danışıdı: “Hər şey yeniləşib, evlər, yollar, həyətlər əvvəlkindən də qəşəngdir. Təsəvvürümdə 31 il əvvəl qoyub çıxdığımız Laçın canlanırdı. İndi gördüklərimizə “pis” demək ədalətsizlik olardı. Hamının gözü Laçındadır. İnşallah daha da gözəl olacaq”.

Laçın şəhər Zabux kəndinə köç edənlər sırasında Sevda Quliyeva da var. O deyir ki, kənddən çıxanda 27 yaşı olub: “31 il sonra - 58 yaşımda qayıtmışam doğma yurdumuza. Ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, Zabuxda da dağıntılar törədib. Yurd yerimizdən əsər-əlamət qalmayıb. Amma bu günə çox şükür. Dövlətimiz Laçında, ətraf kəndlərdə sürətli bərpa-quruculuq işləri aparır. Bunları gördükcə gələcəyə ümidlərimiz birə beş artır.

Bir həftədir Zabuxa köçmüşük. Çıxıb kəndə baxıram, məcburi qoyub getdiyimiz yurd yerinin əvvəlki vəziyyətini yadıma salmağa çalışıram. Bəzən tapa bilmədiyim ünvanlar olur... Əvvəlki xatirələr canlanır gözümdə.

Deyərdim ki, qədim Zabux kəndinin indi müasir görkəmi var. Yollar abadlaşdırılıb, kanalizasiya xətləri çəkilib, evlər elektrik enerjisi, su və təbii qazla təmin edilib. Zabuxda ilk qaz verilən ev bizim oldu”.

Müsahibimiz deyir ki, yaşadıqları küçəyə hər gün demək olar, yeni qonşular köçür: “Artıq aşağı məhəllələrdə boş ev qalmayıb, tam dolub. Evlər çox keyfiyyətli tikilib və istilik sistemi ilə tam təmin olunub. Düşünün ki, yurdumuz bir il ərzində xarabalıqdan abadlığa çevrilib. Təsəvvür edin, 1 il sonra necə olacaq?! Laçının hər şeyi çox gözəldir.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu günü bizə yaşatdığı üçün Prezidentimizə dərin təşəkkürümü bildirirəm”.


Müəllif: Yeganə

Oxşar xəbərlər