Rusiya 2025-ci ildən sonra da sülhməramlılarını Azərbaycan ərazisində - Qarabağda saxlamaq istəyir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert xatırladıb ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bir neçə gün əvvəl sülhməramlıların Qarabağda qalmaları və ermənilərin qayıdışı ilə bağlı açıqlama verib:
“Hesab edirəm ki, bu, Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, təhlükəsizliyimizə təhdiddir. Çünki Qaluzinin dilə gətirdiyi məsələlərlə bağlı bir söz sahibi var, o da Azərbaycandır. Son sözü biz deyəcəyik, Qaluzin arzulardan danışmaqda sərbəstdir.
Rusiya Cənubi Qafqazdan getmək istəmir, bu məqsədlə də Qarabağdakı sülhməramlılarını 2025-ci ildən sonra da saxlamağa çalışır. Moskva erməniləri məhz buna görə qaytarmaq niyyəti güdür. Rusların niyyətlərinin əksinə olaraq, ermənilər qayıtmaq istəmirlər. Heç Ermənistan hakimiyyəti də bunda maraqlı deyil. Ermənilər hələ də “müstəqillik” xülyalarından əl çəkməyiblər, ərazimizə Azərbaycan vətəndaşları kimi qayıtmaq istəmirlər”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya regionda qalmaq üçün Azərbaycana müxtəlif istiqamətlərdə təzyiq edəcək:
“Bu baxımdan, Rusiya Ermənistanın fevralın 12-də şərti sərhəddə törətdiyi təxribatda maraqlı ola bilərdi. Rusiya bir yolunu tapıb Qarabağda qalmağa çalışır. Buna görə də, Ermənistanla sülh prosesini pozmaq üçün əlindəki rıçaqlardan istifadə edəcək. Azərbaycanın əli güclüdür. Türkiyə ilə müttəfiqlik əlaqələrimiz də bu cür təzyiqlərin neytrallaşdırılmasında mühüm rol oynayır.
Türkiyənin özü də sülhməramlıların müddətdən artıq Qarabağda qalmasını istəmir. Hələ Prezident Ərdoğan ötən il rus hərbçilərinin 2025-ci ildə çıxacaqlarına ümid etdiyini söyləmişdi. Vaxt daralır, qalmaq üçünsə nə zəmin, nə də yer var, məsələ bitib”.