Türkiyənin Adana şəhərində heyvandarlıqla məşğul olan İbrahim Çakar 6 il əvvəl ölən anasının yastığından milyonlarla lirə pul tapıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, pullar tapılanda çox sevinən İ.Çakar onların hazırda heç bir dəyəri olmadığını öyrənəndə şoka düşüb. Adanada övladı olmayan qadınları xüsusi üsulla müalicə edən Zəhra Çakar 6 il əvvəl 85 yaşında vəfat edib. İbrahim Çakar anasını itirəndən sonra onun əşyalarını bir otağa yığıb saxlayıb. Ötən həftə başqa bir evə köçərkən İbrahim Çakar və xanımı evdə təmizlik işləri aparıblar. İbrahim Çakarın həyat yoldaşı Cevriyyə qayınanasının sağlığında heç kəsə vermədiyi yastığı yumaq qərarına gəlib. O, yastıqdan yunu çıxaranda çoxlu pul tapıb. Bu xəbəri həyat yoldaşına verəndə İbrahim Çakar çox sevinsə də, anasının saxladığı pulların tədavüldən çıxarıldığını öyrənəndə xəyal qırıqlığı yaşayıb.Yastıqdan 30 ədəd 1 milyon lirə, 35 ədəd 50 min lirə, 21 ədəd 100 min lirə, 26 ədəd 250 min lirə əskinas çıxıb.
"Mən vaxtilə 250 min lirəyə 30-dan çox qoyun alırdım, amma indi milyonlarım var, heç bir işə yaramır. Anam sağikən çox əliaçıq qadın idi, niyə belə bir şey etdi, başa düşə bilmirəm. Bəlkə özü də yastığın içinə pul qoyduğunu unudub. Bu pullar etibarlılığını 2005-ci ildə itirib. İndi uşaqlar pulun çoxunu oyuncaq kimi istifadə edir"- deyə İbrahim Çakar söyləyib.
Kəmalə