Android” əsasında işləyən mobil qurğularda şifahi danışığı Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edən “Dilmanc Translator” proqramı istifadəyə verildiyi 10 ay ərzində 100 min dəfədən artıq köçürülüb.
Rabitə və Yüksək Texnlogiyalar Nazirliyi tərəfindən dəstəklənən “Dilmanc Translator” Azərbaycan, türk, rus və ingilis dilləri arasında şifahi nitqi və mətni tərcümə edib səsləndirir, tək söz daxil edildikdə isə onun lüğətdəki digər tərcümələrini də göstərir.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, hazırda proqramın İOS platforması üçün versiyası hazırlanır. Bununla yanaşı, proqramın Azərbaycan-ingilis və türk-ingilis istiqamətləri üzrə tərcümə keyfiyyəti artırılıb, desktop kompyuterlərin istifadəçiləri üçün isə “Google Chrome” və “Mozilla Firefox” proqramlarına əlavə olunan plug-in istifadəyə verilib. Plug-in quraşdırıldıqdan sonra istənilən saytda mətni seçərək uyğun düyməni basdıqda həmin mətn avtomatik tərcümə olunur.