“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda informasiya texnologiyaları mütəxəssislər üçün ”Microsoft”un bulud xidmətlərinin satışının əsasları” mövzusunda treninq keçirilib.
Teleqraf.com-un məlumatına görə, 30 mütəxəssisin iştirak etdiyi treninqi Rusiyadan xüsusi dəvət olunmuş “Microsoft”un tədris proqramları üzrə təlimçisi Valeri Yefremov keçirib. İştirakçılara “Office 365” haqqında məlumat verən V.Yefremov qeyd edib ki, bu xidmət istənilən miqyasda fəaliyyət göstərən şirkətlərdə səmərəliyin artırılması üçün bulud xidmətlərindən faydalanmağa şərait yaradır.
“Office 365” xidməti pul və vaxta qənaətlə yanaşı, dəyərli resursların qorunub saxlanması, həmçinin istənilən yerdə fərdi kompyuter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanını yaradır. “Qlobal iqtisadi böhran şəraitində şirkətlərin infrastruktur üzrə xərcləri bəzi hallarda əlavə yükə çevrilir və büdcəyə yenidən baxılması zərurəti yaranır.
Bu baxımdan “Office 365” istənilən sifarişçi şirkətin ehtiyaclarını ödəmək üçün maksimal dərəcədə çevik həll yoludur. Kiçik miqyaslı bir şirkət il ərzində az miqdarda vəsait xərcləməklə gərəkli proqram və xidmətlərdən yararlana bilər.
İri kompaniyalar isə büdcənin yenidən təşkili ilə proqram təminatına olan xərcləri azalda bilərlər. Hazırkı dövrdə dünyanın aparıcı 100 şirkətindən 41-i “Microsoft”un bulud xidmətlərindən istifadə edir”, - deyə V. Yefremov bildirib. Treninqdə “Azure Trust Center” – bulud xidmətinin təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləyən dəlillər, “Azure Calculator” – təqdim edilən xidmətlərin istifadəsindən əvvəl qiyməti müəyyənləşdirməyə imkan verən alət nümayiş etdirilib.
Dünya təcrübəsində “Azure”dan istifadə ssenariləri kimi “Disaster Recovery Site”, “Azure Backup”, “Azure Storage”, “Sınaq mühiti” haqqında nümunələr göstərilib. “Azure” tək “Microsoft”u deyil, həmçinin “Open Source” olan digər sistemləri də dəstəkləyir. Qeyd edək ki, “Office 365” xidməti “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint Online” və “Lync Online”) “Office Professional Plus” ofis əlavələri paketi vasitəsilə özündə birləşdirir.
Servisə illik abunə olan istifadəçilər bütün proqram və xidmətlərin ən son versiyalarından yararlana bilərlər. Hər bir abunəçi “Office 365”dən beş qurğuda istifadə edə bilər.