8 Dekabr 2015 18:53
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəz hakimiyyətin, zəngin həyatın simvollarından biri sayılır. Hər zaman olduğu kimi, bu il də təbii xəz tərəfdarları ilə heyvan hüquqlarının müdafiəçiləri arasında müharibə səngimək bilmir.

Heyvan hüquqlarının keşiyini çəkənlər təbii xəz əleyhinə nə qədər kompaniya aparsalar da, bu gözəl bəzəyi qadınların gözündən sala bilmirlər.

Dünyanın ən böyük moda evləri də təbii xəzdən imtina etmək fikrində deyil. Əksinə, qış kolleksiyalarında bu elementə daha çox yer verirlər. Lakin ekoloji cəmiyyətin sevimliləri kimi tanınan “Stella McCartney” və “Vivienne Westwood” kimi moda evləri təbii xəzdən rəsmən imtina ediblər, onları müştərilərin marağından daha çox, günahsız yerə öldürülən heyvanlar düşündürür.

“Vogue” jurnalının baş redaktoru Anna Vintur xəzlərə olan sevgisi ilə tanınır. Restoranda nahar edərkən heyvan hüquqları müdafiəçilərinin onun boşqabına ölü yenot atması belə, xanımın xəzlərə olan məhəbbətini azaltmayıb. Xəz geyimləri təbliğ etdiyinə görə, məhkəmə prosesinə cəlb edilməsi, dəfələrlə heyvan hüquqları birliyinin şifahi və fiziki hücumlarına məruz qalması da, onu inadından döndərə bilməyib.


Bu gün xəzlər universal materiallar arasında yer tutaraq dəb dünyasında öz statusunu birdəfəlik möhkəmlədib. Belə ki, vegetarianların etirazlarına baxmayaraq, xəzləri nüfuzdan salmaq mümkün deyil.

Bu il, xüsusilə, xəz çantalar aktualdır. Onlara istənilən moda evinin kolleksiyalarında rast gələ bilərsiniz.
“Louis Vuitton”, “Valentino”, “Donna Karan”, “Fendi” “Ralph Lauren” kimi məşhur brendlər zərif cinsin nümayəndələri üçün xəzdən tikilmiş çantalar təklif edir. Çantanın modelinin xüsusi bir əhəmiyyəti yoxdur. Əsas məqsəd aksessuarın tamamilə xəzdən ibarət olmasıdır. Bu aksessuarlar o qədər gözəldir ki, onlara toxunmadan baxmaq çox çətindir. Bir çox Hollivud ulduzları və dəb ikonaları artıq bu tendensiya ilə silahlanıblar.

Bu materialdan olan çantalar yalnız individuallığı vurğulamağa xidmət etmir, həm də qış obrazını zənginləşdirir.


Dizaynerlər modapərəstlərə təbii xəz çantalar almağı məsləhət görür. Lakin narahat olmayın, dəb sənayesi heyvan hüquqlarının müdafiəçilərini nəzərə alıb, onlar üçün süni xəzlər təklif edir. Onlar da ən az təbii xəzlər qədər güclü təsir bağışlayır.

İkincisi, xəz çantalar rəngarəngliyi ilə seçilir. Belə ki, dizaynerlər modapərəstlərə rəng palitrası baxımından geniş çeşid təklif edir. Məsələn, moda həftələrində bənövşəyi, çəhrayı, yaşıl, tünd göy, mavi, qəhvəyi, ağ və qara xəzdən tikilmiş çantalar daha çox gözə dəyirdi. Bundan başqa, dizaynerlər bir neçə rəngdən tərtib edilmiş modellər təklif edir.

Xəz dekorları əlavə edilmiş dəri çantalar qış obrazının ən gözəgəlimli bəzəyi ola bilər.
Xəz çanta seçdikdə həddini aşmamaq mühüm amildir. Bütün ansambl xəzdən ibarət olmalı deyil. Bu zaman ümumi görünüş ağır və olduqca mənasız olacaq. Məsələn, kürklə xəz çantanın dueti birmənalı qarşılanmır. Əgər siz onların hər ikisini eyni vaxtda istifadə etməkdə israrlısınızsa, çanta və kürkün rənginin və fakturasının həmahəng olmasına diqqət etməlisiniz.

Xəz çantanı dəri, xüsusilə, kəşmir palto ilə birləşməsi uğurlu alınır. O, yun jaket, cins və sviterlərlə də gözəl görünür. Həmçinin, zamşadan tikilmiş uzunboğaz çəkmələri çəkinmədən belə çanta ilə uzlaşdırmaq olar.


Müəllif:

Oxşar xəbərlər