16 Oktyabr 2018 08:48
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bəlkə də 100 illik inkişaf yolu keçib, bütün dövrlər üçün özünün ən möhtəşəm dövrünü yaşayıb və yaşamaqda davam edir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev deyib.

O qeyd edib ki, bu illər ərzində dövlət başçısı bütün dünya azərbaycanlılarının prezidenti olub:

“Son 15 ildə Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmlənib, vətəndaş cəmiyyəti inkişaf edib, hüquqi dövlət quruculuğu daha da vüsət alıb, Azərbaycanın beynəlxalq aləmdə imici yüksəlib, ölkəmiz qüdrətli bir dövlətə çevrilib”.

Deputat vurğulayıb ki, bundan əlavə Azərbaycanda olduqca böyük inkişaf layihələri həyata keçirilib:

“2004-cü ilin fevralında cənab prezidentin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”nın bu il üçüncüsü davam edir, növbəti ildə dördüncü proqram qəbul olunacaq”.

Azərbaycanda sosial sahənin inkişafına xüsusi diqqətin ayrıldığını vurğulayan deputat bildirib ki, görülən işlər nəticəsində ölkədə əhalinin rifah halı yüksəlib, yoxsulluq 49 faizdən 5,7 faizə düşüb, mütləq yoxsulluq ümumiyyətlə, ləğv edilib, işsizlik isə 50 faizdən 5 faizə qədər enib:

“Bu müddət ərzində pul gəlirləri dəfələrlə artıb, orta aylıq əmək haqları, pensiya və müavinətlər dəfələrlə yüksəlib, 3 mindən çox məktəb, digər tədris, 700-ə yaxın səhiyyə müəssisələri əsaslı şəkildə tikilib, təmir edilərək xalqın istifadəsinə verilib. Bundan başqa yüzlərlə idman olimpiya kompleksləri, parklar, körpülər salınıb, 15 min kilometrdən çox yol çəkilib”.

M.Quliyev əlavə edib ki, bu illər ərzində görülən işləri sadalamaq üçün uzun müddət tələb olunur:

“Azərbaycanın kosmik dövlətlər sırasına çıxması da ölkə başçısının yürütdüyü uğurlu siyasətin nəticəsidir. Bu, ölkə başçısının Azərbaycan xalqı və dövlətçiliyi qarşısında çox mühüm töhfələrindən biridir. Dünyada kosmik dövlətlər sırasına çox az ölkələr daxil olsa da, Azərbaycanın artıq kosmosda 3 peyki var. Ümumiyyətlə, Azərbaycan Prezidenti 15 il bundan öncə verdiyi vədi doğruldub. Bu gün ölkəmiz dünya dövlətləri arasında çox layiqli yer tutur və Prezident İlham Əliyev dünyanın ən nüfuzlu siyasi xadimlərindən biridir”.


Müəllif: Səxavət Həmid