8 Noyabr 2018 08:30
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təcavüzkar erməni ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlər keçirməsi qarşı tərəfin Düşənbədə əldə olunmuş razılaşmaya əməl etmədiyini göstərir. Təbii ki, bu işğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, işğalçı ölkədən fərqli olaraq rəsmi Bakı hər zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək ona sadiq qaldığını nümayiş etdirib:

“İrəvan isə həmişəki kimi bu dəfə də əldə olunmuş razılığı pozur və bununla kifayətlənməyib cəbhədə vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atır. Xüsusilə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri və qoşunların təmas xəttindəki vəziyyəti gərginləşdirməsi seçkiqabağı xalqın dəstəyini əldə etmək üçün hesablanmış addımdır”.

E.Aşırlı əlavə edib ki, N.Paşinyanın qoşunların təmas xəttində erməni əsgərləri ilə selfi çəkdirərək onu “erməni ordusu” kimi təqdim etməsi Ermənistan tərəfinin işğalçılıq siyasətinin bariz nümunəsidir:

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərindən sonra rəsmi İrəvanın hərbi təlimlərə başlaması onu göstərir ki, Ermənistan tərəfi münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil, əksinə danışıqlar prosesinin məhv edilməsinə çalışılır. Düşünürəm ki, Azərbaycan tərəfi yaxın zamanlarda işğalçı ölkənin bu kimi hərəkətlərinə geniş miqyaslı təlimlərə başlayaraq daha sərt cavab verəcək”.

Analitik hesab edir ki, Ermənistanda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkənin Qarabağ münaqişəsinin həllində nə dərəcədə maraqlı olması artıq özünü büruzə verəcək:

“Çünki işğalçı ölkə Azərbaycan torpağı Qarabağda yol infrastrukturunu bərpa edərək müdafiə xəttini möhkəmlədir. Paşinyan seçkidən sonra baş nazir olaraq fəaliyyətinə davam edərsə danışıqlarda daha aktiv yer almalı və münaqişənin həllində maraqlı olmalıdır. Əks halda Azərbaycan Ordusu işğalçı ölkəyə qarşı daha sərt tədbirlər görə bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər