29 Yanvar 2019 09:02
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətin köhnə adətidir, hər addımı böyütməyə çalışırlar. İnformasiya kommunikasiya texnologiyalarının imkanlarından istifadə edib guya xalqın onların dəstəklədiyini nümayiş etdirmək onların ən böyük arzusudur. Dünya üzrə yanvarda maliyyə ili başlayır. Onlar da yəqin yeni qrantlar əldə ediblər və daha çox qrant almaq üçün müraciətlər edirlər, üzərinə götürdükləri öhdəliyi reallaşdırmaq, havadarlarına, xaricdən maliyyələşdirildikləri qrup və təşkilatlara “işlədiklərini” göstərmək üçün aksiya keçirirlər. Əsl hədəfləri tamam başqadır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, müxalifət nümayəndələri Azərbaycan vətəndaşlığına, mənəviyyatına sığmayan hərəkətlərlə məşğuldur: “Feysbukda bizim partiyanın üzvü olan xanımların ünvanına söyüş, təhqiramiz ifadələr yazırlar. Bir kişinin xüsusilə qadına qarşı bu cür davranışı əxlaqsızlıqdır. Onsuz da bilirlər ki, iqtidara gəlmək şansları yoxdur, kənd bələdiyyəsinə sədr seçiləcək qədər hörmətə sahib deyillər. Sadəcə aksiya keçirib ajiotaj yaratmaq, xaricdən Azərbaycana qarşı məkrli məqsədləri reallaşdırmağa cəhdlər göstərirlər. Buna isə indiyə qədər nail olmayıblar, olmayacaqlar da”.

Seymur Orucov vurğulayıb ki, Azərbaycan dövlətinin apardığı siyasət əhalinin rifahının yaxşılaşmasına yönəlib: “Ölkəmizdə davamlı olaraq ciddi islahatlar gedir, dövlətimizin tərəqqisi üçün cənab Prezident mövcud olan bütün imkanlardan istifadə edir. İqtisadi gücümüz artdıqca bu islahatlar daha da bəhrəsini verməyə başlayır. Azərbaycan enerji ixracatçısına çevrilib, dünya standartlarına cavab verən məhsullar istehsal olunur. Turizm sektoru yüksək inkişaf yolundadır, ölkəmizə gələn turistlərin sayı milyonları keçib. Azərbaycan dünyada parıldayan günəş kimi görünür, həmin günəş bəzilərinin gözünü yandırır, ona görə də belə yollara əl atırlar”.

Gənclər Birliyinin sədri vurğulayıb ki, müxalifət tərəfindən 20 Yanvar günü şəhidlərin əziz xatirəsini yad edərkən belə, çaxnaşma yaratmağa cəhd edilib: “Ajotaj yaratmaq məqsədilə mənəvi dəyərlərə hörmətsiz yanaşmaq olarmı? Belə insanlara xalqımız hansısa vəzifəni etibar edər? Azərbaycan xalqı sözünü sivil yolla deyir. Yeni Azərbaycan Partiyasının gəncləri hesab edir ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. İstər parlament, istərsə də bələdiyyə və prezident seçkilərində qələbə qazanmaq lazımdır. Başqa yollara imkan verilməyəcək, dövlətimiz qanunsuz əməllərin qarşısını almağa qadirdir. Xalq öz prezidentinə etimad edərək tərəqqiyə, sabitliyə, inkişafa davam deyir. Azərbaycan hökuməti islahatları həyata keçirəndə günün reallığını nəzərə alır, populist işlər görmür. Zaman keçdikcə, dövlətimiz daha da inkişaf edəcək, iqtisadi gücümüz artdıqca görülən işlər sürətlənəcək”.


Müəllif: Leyla

Oxşar xəbərlər