9 Avqust 2022 17:06
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması baş tutacaq. Sadəcə regional əməkdaşlıqdan kənarda qalmamaq üçün indi Ermənistana növbəti şans verilib. Qərarı isə özü verəcək.

Hesab edirik ki, İrəvan düzgün qərar qəbul etməsə, ən böyük zərər özlərinə dəyəcək. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın bəzi maddələri icra olunub. Azərbaycanın mövqeyi isə odur ki, bütün maddələr yerinə yetirilsin və selektiv yanaşma olmasın.

Ən ciddi məsələ Ermənistan hərbçilərinin Qarabağdan çıxarılmasıdır. Bu, həmin üçtərəfli bəyanatın dördüncü bəndi üzrə Ermənistanın öhdəliyidir. Orada göstərilib ki, sülhməramlıların regiona gəlişinə paralel olaraq erməni hərbçiləri ərazini tərk etməlidir.

2020-ci ilin dekabr ayına qədər Ermənistan hərbi birləşmələri Qarabağdan tam çıxmalı idi. Lakin bu, indiyədək tam başa çatdırılmayıb. Azərbaycan bu maddənin icrasında israrlıdır. Və biz bunu Ermənistandan tələb edirik”, - o bildirib.


Müəllif: Teleqraf.com