8 Dekabr 2023 20:39
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan siyasətini korrektə edəcəyini vəd edib, növbə Fransanındır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, kənar müdaxilələr və Ermənistanın təxribatçı fəaliyyətləri olmasa, tezliklə sülh müqaviləsini imzalamaq da olar:

“Azərbaycan və Ermənistan etimad quruculuğunu və inam atmosferini yaratmağa davam edəcəksə, İrəvan prosesin müsbət istiqamətdə inkişafı məqsədilə beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərdə ölkəmiz əleyhinə açıq-gizli fəaliyyətinə son qoymalıdır. Bunun baş verib-verməyəcəyini yaxın günlərdə görəcəyik. Əks halda, iki ölkə arasındakı vəziyyət yenə əvvəlki gərgin axarına qayıdacaq.

Xarici siyasi mərkəzlər də, Azərbaycan əleyhinə “etnik təmizləmə” ittihamları və digər təxribatçı fəaliyyətlərdən əl çəkməlidir. Çünki bu fəaliyyətləri Azərbaycanla Ermənistan arasında atılan addımlara zərbə vuracaq. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan administrasiyalarının birgə açıqlamasında belə bir cümlə var: “Beynəlxalq ictimaiyyəti iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verməyə, Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırıq”.

Bu cümləni belə də oxumaq olar: “Bəyan etdiyiniz kimi, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq istəyirsinizsə, iki ölkənin birgə səylərinə zərbə vuracaq siyasət yürütməyin, gərginlik yaradacaq açıqlamalar verməyin”.

Vaşinqton Azərbaycan siyasətini korrektə edəcəyini vəd edib, növbə Parisindir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər