23 May 12:30
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

42 deputatın imzası ilə Milli Məclisin növbədənkənar sessiyasının çağırılması parlamentin buraxılması ilə əlaqədar deyil. Növbəti seçkilərin vaxtının təyin edilməsi Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir. Konstitusiyaya görə, bu ilin noyabrın ilk həftəsində parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Məhz bu tarixdə də parlament seçkilərinin keçirilməsi gözlənilir.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, parlamentin növbədənkənar sessiyasının çağırılması parlamentin iş yükü ilə bağlıdır:

“Bəzi qanunlar var ki, biz onları başa çatdırmamışıq. Ötən gün bizim komitədə müzakirə edilən "Əmək pensiyaları haqqında" qanun üç oxunuşdan keçməlidir. Eyni zamanda gündəmdə dövlət büdcəsinin dürüstləşdirilməsi məsələsi var. Başqa dinləmələrin olması nəzərdə tutulur. Bu səbəbdən də Milli Məclisin deputatları spikerə müraciət edir ki, növbədənkənar sessiya çağırılsın”.

Musa Quliyev vurğulayıb ki, bu bir prosedurdur və parlamentin daxili nizamnaməsinə əsaslanır:

“Bu qaydalara əsasən parlamentin sessiyaları artırılır. Burada qeyri-adi heç nə yoxdur. Bu, təkcə bu il baş vermir. Ondan öncəki illərdə də, nə zaman ehtiyac yaranıbsa, növbədənkənar sessiyalar çağırılıb. Bu, parlament deputatlarının səlahiyyəti və spikerin qərarına bağlı olan məsələdir. Burada nəsə axtarmaq lazım deyil. Parlamentin buraxılmasından, növbədənkənar seçkilərdən söhbət getmir. Bunlar tamam ayrı-ayrı məsələlərdir. Onları bir-birinə qarışdırmaq lazım deyil”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov da sosial şəbəkələrdə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı çox danışıldığını bildirib:

“Amma burada reallıq tamam fərqlidir. Parlamentdə bəzi qanun layihələri var ki, o ikinci, üçüncü oxunuşda qəbul edilməyib. Bunu çatdıra bilməmişik. Bunlar çox vacib qanunlardır. Hazırda dövlət büdcəsinin icrası ilə bağlı məsələyə mənim də təmsil olunduğum komitədə baxılır. Bunu da mütləq ki, parlamentin sessiyasında müzakirə edib təsdiq etmək lazımdır. Eyni zamanda 2024-cü ilin dövlət büdcəsində neftin qiyməti yüksək olduğu üçün əlavə vəsait daxil olub. Həmin vəsaitin bölüşdürülməsi ilə əlaqədar məsələlər var. Bu məsələlər Milli Məclisə gəlməlidir ki, biz onu təsdiq edək”.

Vahid Əhmədov növbədənkənar parlament seçkilərinin vaxtı ilə bağlı isə deyib:

“İndiki halda parlamentin buraxılmasından söhbət getmir. Əslində bir iki aya görə parlamentin buraxılması elə də böyük əhəmiyyət kəsb etmir. Mərkəzi Seçki Komissiyası da bu il parlament seçkilərinin keçiriləcəyini elan edib. Ona görə də, parlamentin buraxılması, yeni seçkilərin keçirilməsi ilə bağlı söhbətləri o qədər də ajiotaj kimi təqdim etməyə ehtiyac yoxdur. Parlament lazım olanda buraxılacaq və yeni Məclis formalaşacaq”.

Qeyd edək ki, mayın 21-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı ilə bağlı qərar açıqlanıb. Parlamentin daxili nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanması ilə bağlı Milli Məclis sədri 42 deputatın tələbi əsasında növbədənkənar sessiyasını çağırır. Milli Məclisin daxili nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər