13 İyun 19:18
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bütün beynəlxalq təşkilatlarla yüksək səviyyəli münasibətlər qurmaqda maraqlıdır. Avropa Şurası Parlament Assambleyası ilə də Azərbaycan münasibətlərə hər zaman xüsusi önəm verib. İndiki halda isə bu təşkilatla ölkəmiz arasında olan münasibətlər arzuolunmaz səviyyədədir. Bu təbii ki, heç də AŞPA ilə deyil, onun içərisində olan, faktiki olaraq “hökmdarlıq” edən bəzi siyasi terroristlərlə bağlıdır.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, həmin siyasi terroristlər qeyri-qanuni olaraq AŞPA rəhbərliyinə təsir göstərirlər:

“Bununla da mövcud vəziyyəti gərginləşdirirlər. Təəssüf ki, çoxluq da həmin qüvvələrin şantajından, hiyləsindən, ikili standartlarından çəkinir. Ona görə də, kənarda dayanıblar. Əslində onlar bu əməlləri ilə Azərbaycana deyil özlərinə problem yaradırlar”.

Millət vəkili bildirib ki, AŞPA rəhbərliyi bu gün özündə güc tapıb bəzi məsələləri etiraf edə bilmir: “Bu onların problemidir. Məsələni düzgün təhlil edə bilmirlərsə, onlara necə kömək edə bilərik?.. Hansısa bir məsələ ilə bağlı düzgün qərar verə bilməyənlərə necə təsir etmək olar?..”.

Səməd Seyidov hesab edir ki, hazırda top AŞPA tərəfindədir: “Assambleya nə vaxt normal əməkdaşlıq təklif etsə, Azərbaycan tərəfi buna hər zaman hazırdır. Çünki məsələlərin bu səviyyəyə çatması üçün Azərbaycan təşəbbüskar olmayıb. İndiki reallığın təşəbbüskarı məhz AŞPA olub. Ona görə də, Azərbaycan nümayəndə heyəti olaraq bəyanat vermişik ki, onlarla işləmək mümkün deyil. Ona görə də, AŞPA-da gedən proseslər heç bir halda Azərbaycana təsir göstərə bilməz. Azərbaycanda gedən proseslər isə dünya tərəfindən ən yüksək səviyyədə qarşılanır. Sözsüz ki, AŞPA eyni mövqedə dayanacaqsa, özünə problem yaratmaqla, beynəlxalq təşkilatlar sırasından təcrid olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər