13:15
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinin orqanı olan “Xəzər” jurnalının Dillər Universitetində fəaliyyətini davam etdirməsi əlamətdar hadisədir və təsadüfi seçim deyil. Universitetin rektoru Kamal Abdullanın jurnalın məsləhətçisi olması yaradıcı heyətə əlavə stimul verəcək.

Bu sözləri Teleqraf.com-a jurnalın yeni Baş redaktoru Etimad Başkeçid deyib.

Xatırladaq ki, 1989-cu ildən nəşr olunmağa başlamış "Xəzər" jurnalının sonuncu Baş redaktoru Xalq yazıçısı, həm də Tərcümə Mərkəzinin sədri olan Afaq Məsud idi.

Etimad Başkeçid bildirib: "Jurnalın redaksiya heyətinə Saday Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev və Cavid Zeynallı daxildir. Bu adamların əlavə təqdimata ehtiyacı yoxdur. Amma yenə də bilmək lazımdır ki, məsələ personalilərdə deyil, yeni şəraitdə, formatda, qarşıya qoyulan vəzifələrin icrasını və jurnalın yüksək standartlara cavab verən fəaliyyətini təmin etməkdədir".

Etimad Başkeçidin sözlərinə görə, dövrilik, həcm kimi məsələlər haqqında jurnalın mart ayında nəşr olunacaq ilk nömrəsində geniş yazı ilə çıxış etməyi nəzərdə tutur.

"Xəzər"in əməkdaşı, yazıçı Nəriman Əbdülrəhmanlı bildirib ki, 35 illik tarixə malik jurnalın nəşrinin davam etməsi həm mədəniyyətimiz, həm də tərcümə ədəbiyyatımız üçün müsbət haldır.

Onun sözlərinə görə, əsas xətt saxlanılmaqla jurnalı daha da təkmilləşdirməyi, onun daha oxunaqlı olması, üstəlik elmi materiallarla, tələbələrin, müəllimlərin yaradıcılığı ilə zənginləşdirməyi planlaşdırırlar:

"Yalnız jurnalla kifayətlənməyəcəyik, onun əlavələri də buraxılacaq. Respublikada tərcümə məkanını genişləndirmək adına bir sıra işlər görməyi hədəfləyirik: forumlar təşkil etmək, ali məktəblərdə, tərcümə ilə məşğul olan idarələrdə çalışan mütəxəssisləri dəvət etmək, onlarla görüşlər keçirmək, universitetin kollektivini, tələbələrini prosesə qoşmaq kimi planlarımız var".

Nəriman Əbdülrəhmanlının sözlərinə görə, jurnalın köhnə heyəti yerində qalır.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər