28 Yanvar 14:54
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında bir sıra qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsi ilə bağlı fikirlər səsləndirilib. Söhbət yeni qanunun qəbulundan getmir. Dini etiqad azadlığı haqqında qanun kifayət qədər yetkindir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

“Qanunvericilik dinamik prosesdir. Cəmiyyət həyatında münasibətlərin necə inkişaf etməsinə adekvat olaraq dəyişir. Ona görə də dini qurumlar və dini fəaliyyət sahəsində müəyyən məsələlərin ortaya çıxması qanunvericilikdə də dəyişiklikləri zəruri edir”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, hazırda bu məsələ ətrafında müzakirələr aparılır:

“Hansı istiqamətdə müəyyən dəyişikliklər nəzərdə tutulacaqsa, bu sahəyə məsul olan dövlət qurumu (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) və dini icmalarla geniş müzakirələrdən sonra məsələyə baxmaq mümkün olacaq. Hazırda isə bu, təkliflər formasındadır. Müzakirələrdən sonra təkliflərin əlavə və düzəlişlər formasında qanun layihəsi kimi təqdim edilməsi zərurəti yarana bilər”.

Fazil Mustafa indiki halda təklif edilən məsələ ətrafında konkret müddəalar barəsində danışmağın doğru olmadığını bildirib:

“Təkliflər çoxdur. Hər halda bu təkliflər dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi üçün faydalı istiqamətlərdir”.

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında bir sıra qanun layihələrinin hazırlanması və qəbul edilməsi təklif edilib. Layihələr dini hüquqların qorunması, dini dözümlülük və müxtəlif dini icmaların hüquqlarının təmin edilməsi istiqamətlərində olduğu qeyd edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər