Nazirlər Kabineti yanında Operativ Qərarganın qəbul etdiyi qərara əsasən bu gündən vətəndaşların çimərliklərə üz tutmasına icazə verilir. Bəs çimərliklər, dəniz suyunun faydası haqqında nə bilirik? Bu, vaxtında verilmiş qərardırmı?
Mövzu ilə bağlı həkim-terapevt Məlahət İsayeva Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Doktor, necə düşünürsünüz, pandemiya dövründə çimərliklərin açılması doğru qərar oldumu?
- Artıq 6 aydır pandemiya səbəbilə insanların evə qapanması onlarda stress faktorunun üzə çıxmasına səbəb oldu. Çimərliklərin açılması insan orqanizminə üç cəhətdən faydalı olacaq. İlk olaraq günəş vannasının qəbulu, duzlu sudan istifadə və təmiz dəniz havası insanların sağlamlığa çox böyük təsir göstərəcək. Havanın sərin keçməsinə baxmayaraq inanlar D vitamini qəbul edə biləcək. Çimərliklərin açılması ilə dənizin suyu, havası, günəş şüası immuniteti gücləndirəcək.
- Sizcə, qərarlar qəbul edilən zaman daha çox yumşalmalara getmək lazım idimi?
- Birbaşa yumşalmaya getmək doğru olmazdı, virusa yoluxma halları sürətlə artardı. Karantin rejiminin mərhələli yumşaldılmasına tərəfdarıyam. Çimərliklər gec açılsa belə, insanlar dəniz havasını udmaqla ondan faydalana bilərlər. İnsanların dəniz kənarında gəzməsi sağlamlıqları üçün kifayətdir. Sosial məsafənin qorunması şərtilə insanların çimərliklərə üz tutmasının tərəfdarıyam.
- Dəniz suyunun faydaları nələdir?
- Dəniz suyunun tərkibində 104 faydalı element, vitamin və minerallar var. Kalium xlorid dərinin elastikliyini artırır, səthi hamarlaşdırır, ona təravətli edir. Dəniz dalğaları dəriyə yüngül masaj effekti göstərərək, dərini oksigenlə zənginləşdirir, qan dövranının işini yaxşılaşdırır, təzyiqi aşağı salır.
Dəniz suyu duzlu olduğuna görə burun-boğaz həkimləri hər zaman tənəffüs orqanlarını bu suyla yaxalamağı tövsiyə edirlər. Onun tərkibindəki vitamin və mineralların sayəsində burun ifrazatı atılır, qrip xəstəliklərinin qarşısı alınır.
Dəniz suyu dərini təmizləyir. Ekzema kimi dəri xəstəliklərini müalicə edir. Sızanaqların, qara nöqtələrin əmələ gəlməsini önləyir. Duzlu su dərini ölü hüceyrələrdən təmizləyir.
Diş ağrısı zamanı dəniz suyunu qarqara etdikdə ağrı keçir, ağızda olan yaraları sağalır. Həmçinin, alimlərin tədqiqatları nəticəsində dəniz suyunun tərkibindəki vitamin və mineralların insan bədənində olan 84 maddə ilə oxşarlığı aşkarlanıb. Məsələn, insan qanı ilə dəniz suyu bir-birinə bənzəyir.
- Nəzərə alaq ki, dənizdə minlərlə insan çimir. Bu səbəbdən dəniz suyunun sağlamlığımız üçün təhlükəsi ola bilərmi?
- Əlbəttə. Dəniz suyunun faydaları ilə yanaşı, zərərli cəhətləri də var. Dəniz suyu qulaq, burun-boğaz, sidik yolları ilə yanaşı, ishal kimi problemlərə də səbəb ola bilər. Buna görə dənizə girdikdən sonra qulaq və qarın ağrıları müşahidə olunur. Çünki insanlar dəniz suyunu udurlar, bunun sayəsində qulaq və burun boşluğuna su gedir.
Dənizə atılan tullantılar nəticəsində orqanizmdə müəyyən problemlər yaranır. Dənizin çirkləndirilməsi səbəbindən müəyyən bakteriya və mikroblar insan orqanizmi üçün təhlükə əmələ gəturir.
- Bayaq dəniz havasından söz acınız. İnsan orqanizminə onun təsiri necədir?
- İnsanlar var ki, dənizə çimmək üçün yox, məhz dənizin səsini dinləmək, havasını qəbul etmək üçün gedir. Dəniz təkcə bioloji xəstəlikləri deyil, psixoloji xəstəlikləri də müalicə edir. Dənizin yodlu havası beyni fəallaşdırır, yaddaşı möhkəmləndirir, bədəni cavanlaşdırır. Təkcə havasına görə həkimlər ürək və ya nevroloji xəstəlikləri olan insanlara hər səhər dəniz kənarında gəzməyi məsləhət görürlər.
Dənizin səsi insanın ürək ritmini sakitləşdirir. Dəniz havası mənfi ionlarla zəngin olduğuna görə oksigenin qəbulu zamanı serotonin hormonunu artırır. Bu zaman insanlar özlərini xoşbəxt hiss edirlər, iştahları artır, əsəbləri sakitləşir, yuxu rejimi normaya düşür.
Eyni zamanda, dəniz havasının tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlara böyük faydası var. Nəfəs yollarını, sinir sistemi, xroniki stress xəstəliklərini azaldır, depressiyanı aradan qaldırır. Dəniz havası zob xəstəliyindən əziyyət çəkən insanlara müalicəvi təsir göstərir.
- Bəziləri dənizə məhz qumda uzanmaq üçün üz tutur...
- Dəniz qumu da çox faydalıdır. Dəniz qumunda gəzmək qan dövranının yaxşılaşmasına səbəb olur.
Revmatizm xəstəliklərini müalicə edir. Həkimlər bu xəstələrə ayaqlarını quma basdırmağı tövsiyə edir. Eyni zamanda dabanlara təbii pedikür təsiri göstərir.