7 Oktyabr 2020 14:54
2 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmiz mənfur düşmənlə yanaşı COVID-19-la da mübarizə aparır.

Pandemiyanın hazırkı durumu ilə bağlı tibb professoru Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.

- Doktor, hazırda koronavirusla mübarizə hansı səviyyədədir? Vəziyyəti necə qiymətləndirirsiz?

- Hesab edirəm ki, ölkəmizdə koronavirus infeksiyasının yayılma intensivliyi aşağı düşüb. Yoluxmanın zəifləməsinə baxmayaraq, bəzi adamlarda xəstəlik daha ağır keçir. Təbii ki, bu hal yanaşı xəstəliyi olanlarda daha çox müşahidə olunur.

Ümumən xəstəliyin gedişində xeyli mülayimlik var. Virusun mutasiyaya uğraması prosesi davam edir. Mən ötən müsahibələrimdə də demişdim, virus 9-12 ay sonra mutasiyaya uğrayıb yox olacaq. Sadəcə hazırda payızda ənənəvi soyuqdəymə xəstəlikləri kəskin artır. Bunlar hər il təkrarlanır. Ona görə də, soyuqdəymə ilə COVID-19 bəzən qarışıq salınır. Hər iki xəstəlikdə öskürək, qızdırma, boğaz ağrısı və sair əlamətlər müşahidə olunur. Ona görə də, indiki dövrdə diqqətli olmaq lazımdır.

Karantin davranışlarına sona qədər əməl etməklə bu cür xəstəliklərdən də qorunmuş olarıq. Düşünürəm ki, ilin sonuna qədər bu qaydalara ciddi riayət etməliyik. Xüsusilə avtobusda və qapalı mühitdə bu qaydalar nəzərə alınmalıdır. İnsanlar hazırda maska taxmaq istəmir, əlləri dezinfeksiya etmir. Bu da yoluxma təhlükəsini artırır.

- Millət vəkili Rəşad Mahmudov ötən gün çıxışında deyib ki, koronavirus müharibə şəraitində yaşayan ölkə üçün daha böyük təhlükədir. Bu fikirlə razısınızmı?

- Müharibə vəziyyətində olsaq da, bu, bizim müqəddəs savaşımızdır. Bu, hər şeydən vacib və həyati məsələdir. Bununla yanaşı, karantin döyüş prosesinə mane olmur. Müharibə çöldədir, bayırdadır, açıq havadadır. Kazarmalarda, əsgərlərin dincəldiyi yerlərdə karantin davranışları gözlənilməlidir. Qapalı mühitdə bu risk artır.

- Bəs dünya ölkələrində vəziyyət nə yerdədir?

- Xəstəliyin ayrı-ayrı ölkələrdə müxtəlif cür gedişi müşahidə olunur. Məsələn, dünyanın güclü, ən çox maliyyə ayrılan səhiyyəsi ABŞ-dır. Amma infeksiyanın ən ağır keçdiyi, ən çox ölənlərin olduğu ölkə də Amerikadır. Adambaşına düşən xəstələnmə sayı da orada çoxdur. Birmənalı fikir bildirmək çətindir, virusun təsiri coğrafi cəhətdən müxtəlifdir. Mən hesab edirəm ki, bu araşdırılmalıdır: buraxılan səhvlər nədən qaynaqlandı, niyə bunu vahid koordinasiya etmək mümkün olmadı? ÜST nə üçün bu məsələdə aciz qaldı? Bütün bunlar sonranın problemləridir. Həqiqətən də maraqlıdır ki, nəyə görə səhiyyəsi inkişaf edən ölkələr infeksiyanı lokallaşdıra bilmədilər?

Azərbaycan dövlət səviyyəsində öz imkanları daxilində bütün tədbirləri görür. Təbii ki, bizdə vətəndaş məsuliyyətsizliyi də var. İctimai nəqliyyat dediyimə sübutdur.

- Hazırkı vəziyyətdə peyvəndi gözləməyə dəyər?

- Hələlik ortada real bir şey yoxdur. Hər zaman demişəm, peyvənd illüziyadır. Peyvənd tam ortaya çıxana qədər virus da tarixin arxivinə veriləcək. Bu səbəblə heç vaxt peyvəndə ciddi yanaşmamışam. Respirator infeksiyaları ilə bağlı peyvənd məsələsində hələ ki dünyada böyük uğur yoxdur.


Müəllif: Aysel Azad