COVID-19 pandemiyasına qarşı vaksinasiya davam edir. Məlum olduğu kimi, orqanizmdə immunitet vaksinin ikinci dozası vurulduqdan 2 həftə sonra formalaşır. Bəzi insanlar birinci doza vaksin vurdurduqdan müəyyən müddət sonra virusa yoluxur. Belə olan halda həmin şəxsə ikinci doza peyvənd vurulmalıdırmı?
TƏBİB-in İnfeksion xəstəliklər şöbəsinin müdiri, infeksionist Vasif Əliyev Teleqraf.com-a bildirib ki, birinci dozadan sonra antitelin yaranma ehtimalı çox aşağıdır: "Buna görə də, 4 həftədən - 28 gündən sonra ikinci doza peyvənd vurulur. Lakin şəxs birinci doza peyvənd alandan sonra virusa yoluxarsa, ona ikinci doza vaksinin vurulmasına ehtiyac qalmır.
Ola bilər, birinci doza vurulandan sonra təmas pozula, yəni koronavirusla təmas edən şəxslər xəstələnə bilərlər. Bu şəxslərə artıq koronavirus peyvəndinin vurulmasına ehtiyac qalmır. Çünki təbii yolla virusla təmasda olublar. Bilirik ki, xəstə insanlara peyvənd vurulmur. Peyvəndi vurmağın məqsədi ondan ibarətdir ki, həmin şəxs xəstəliyi gizli formada keçirsin və ya heç keçirməsin. Xəstəliyi keçirən şəxsə peyvənd vurulmasına zərurət qalmır”.
Həmin hallarda peyvəndin nə zaman vurulmasına gəlincə isə, Vasif Əliyev bildirib ki, istər birinci dozadan sonra xəstəliyi keçirən, istərsə də heç peyvənd vurulmadan xəstəliyi keçirən insanlara gələcəkdə peyvənd 6 aydan sonra vurulmalıdır: “Bu günə olan məlumat budur, gələcəkdə ola bilər, müddət dəyişsin. Əgər bədəndə antitel yaranmış olsa belə, bu peyvənd üçün əks-göstəriş deyil və heç bir təhlükəsi yoxdur".