İlk dəfə vaksin olan şəxs birinci dozadan sonra 28-56 gün aralığında ikinci dozanı vurdurmalıdırlar. Bu müddəti ötürənlər isə yenidən hər 2 doza peyvəndi qəbul etməlidirlər. Belə olduğu halda sual yaranır, vaksin gecikdirilərsə, vurulmuş dozanın təsiri azala bilərmi?
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, birinci doza vaksindən 28 gün sonra ikinci doza vurulmalıdır:
“Çünki birinci doza vurulduqdan 14 gün sonra qanda antitellər yaranmağa başlayır və bu proses 28 günə qədər davam edir. 28-ci gün ikinci doza vurulmalıdır ki, qanda əmələ gələn antitellər yenidən sintez olunsun.
Bu zaman antitellər COVID-dən qorunmaq üçün yetərli miqdarda olur. Birinci doza və ikinci doza vaksin daxil olmaqla qanda antitellərin 40-42 gün müddətində formalaşması başa çatır”.
Mütəxəssis qeyd edib ki, yalnız istisna hallarda ikinci doza peyvəndin müddəti uzadıla bilər: “Xəstə birinci vaksindən sonra əməliyyat keçirə, yaxud başqa infeksion xəstəliyə yoluxarsa, vaksinin vurulma vaxtı gecikə bilər. Belə halları nəzərə alaraq vaksinin ikinci dozasının 28-56 gün aralığında vurulması tövsiyə edilir.
Amma heç bir əsas yoxdursa, ikinci vaksinin gecikdirilməsi məqsədəuyğun deyil və tövsiyə olunmur. İkinci doza gecikdirilibsə, vətəndaş yenidən birinci və ikinci doza vaksini vurulmalıdır. Bunun sağlamlığa heç bir ziyanı yoxdur. İki dozanın qəbul edilməsi qanda daha çox antitellərin yaranmasına səbəb olur”.