5 Noyabr 2022 12:45
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün televiziya rəqabətə dözümlü olmalıdır, çünki indi pult tamaşaçının əlindədir və onun kanalı dəyişməyi üçün bir saniyə kifayətdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ARB-24 kanalına müsahibəsində Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. Qanunveriliciyin tələblərinin televiziyalar üçün daha ciddi olduğunu söyləyən Murad Dadaşov sosial şəbəkələrdə bu məsuliyyətin olmadığını və məlumatın dəqiqliyinin şübhə doğura biləcəyəni deyib.

Mərkəzin rəhbəri hazırda mediada aparılan islahatların nəticələri barədə də danışıb:

“Yeni ildən biz artıq medianın yeni ölçü sisteminin işinin bəhrəsini görəcəyik. Əvvəlki reytinqlərin ölçü sisteminin fəaliyyəti ona gətirib çıxardı ki, biz böyük əksəriyyət tamaşaçımızı televiziyamızdan küsdürdük və televiziyalar o qədər də tələbkar olmayan tamaşaçı auditoriyasının ixtiyarında qaldıq. İntellektual verilişlər arxa plana keçdi. Əslində bütün dünyada hazırda vəziyyət belədir. Televiziya bizə ənənəvi proqram verir, telefon sayəsində isə nəyə baxacağımızı özümüz müəyyənləşdiririk”.

Murad Dadaşov reytinqə əsaslanaraq fəaliyyət göstərməyin çətinliyindən bəhs edib:

“Bu gün televiziyaların idarəçiləri üçün əsas məsələ həm reytinq, həm maarifləndirmə, həm də informasiyanı tamaşaçıya çatdırmaq arasında balansı tutmaqdır. Reytinqə qalsa, biz tamamilə başqa verilişlər göstərməliyik. Bizim sahənin coğrafi baxımdan çətinliyi odur ki, tamaşaçımız rusca, ingiliscə, türkcə verilişlərə baxa bilir. Bu səbəbdən də Azərbaycan televiziyaları reklam bazarını həm də burada itirir. Amma yerli kanalların istehsal etdiyi keyfiyyətli məhsul, proqramları və serialları yenə də baxılır”.

Xəzər Televiziyasında fəaliyyətinin çətin dövrə təsadüf etdiyini vurğulayan Murad Dadaşovun sözlərinə görə, vizual dəyişikliyi görmək üçün hələki tezdir:

“Əslində mən komanda ruhlu insanam. Xəzər Televiziyasına rəhbər təyin olunandan qısa müddət sonra pandemiya başladı, sonra da Vətən müharibəsi oldu və kanalın əsas gəlir gətirən formatı, yəni əyləncəli-musiqili verilişlər arxa planda qaldı. O dövr ərzində kollektivin maaş fondunun zamanında yığılması, çatışmayan avadanlıqları almaq, internet platformasını genişləndirmək qarşımda böyük vəzifə idi. Vaxtilə Xəzər telekanalı çox nüfuzlu xəbər kanalı idi, amma mən gələndə bura daha çox əyləncəli kanal kimi tanınmışdı. Artıq biz Xəzər İnformasiya Agentliyi yaratmaq istiqamətində işlər görürük, müxtəlif platformalarda keyfiyyətli filmlərimiz də nümayiş olunur. Daha bir filmimiz isə 8 noyabr tarixində tamaşaçılara təqdim olunacaq”.

Murad Dadaşov cəmiyyətdə radioya münasibətlə bağlı yanlış təsəvvürlərin olduğunu deyib:

“Reytinq monitorinqi olmadığı üçün bizə elə gəlir ki, Azərbaycanda radionu ancaq sürücülər dinləyirlər. Lakin bu, belə deyil. Biz bu gün nəinki radionu, həm də rəqəmsal platformaları nəzərə almalıyıq. Bütün bunlar hamısı informasiyanın auditoriyaya çatdırmaq üçündür. Bu gün tematik radioların olması çox vacibdir”.

M.Dadaşov son olaraq ilin sonunda Xəzər Media Mərkəzində maraqlı yeniliyin olacağını da açıqladı. Mərkəz rəhbəri bu yenilikdən təfərrüatı ilə ilk məhz tamaşaçılarımızın xəbər tutacağına da işarə verdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər