Qədim və müasir İçərişəhər Formula-1 Avropa Qran-prisinin qonaqlarını möhtəşəm “Meydan bazarı” ilə qarşılayıb.
Qoşa Qala qapısı qarşısında təşkil olunan tətbiqi sənət məhsullarının və suvenirlərin sərgisi əcnəbilərin marağına səbəb olub.
Meydanda qurulan çadırlarda Azərbaycanın müxtəlif bölgələrindən gələn sənətkarların əl işləri nümayiş edilib. Bütün bunlar Bakının çoxsaylı xarici qonaqları arasında mədəniyyətimizin və tariximizin təbliği, turistlərin əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələrinə əlverişli imkan yaradıb. Meydanda rəngarəng musiqilər də səsləndirilib.
“Meydan Bazarı”nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərlərinin, “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində hazırlanan zərgərlik, batika, keramika və taxtaoyma sənəti nümunələrinin, eləcə də zəngin milli mətbəxin sərgi-satışı təşkil olunub.
Qeyd edək ki, iyunun 11-dən start verilən bu tədbirlər ayın sonunadək şənbə və bazar günləri keçiriləcək.