19 İyun 2016 23:12
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bilirsiz, O, ölməyib, şəhid olub. Məhz istəyirəm ki, uşaqlar dərk etsinlər ki, ataları ölməyib, şəhidlik zirvəsinə ucalıb. Uşaqlar ölümün nə olduğunu bilirlər, lakin şəhidliyin nə olduğunu başa düşmürlər. Bunu onlara izah etməyə çalışıram”.


Dördgünlük savaşda şəhid olan, Milli qəhrəman, xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə bağlı olan bu fikirlər onun həyat yoldaşı Fizzə Mirzəyeva məxsusdur.

İnsanın tüklərini biz-biz edən, başımızı dik tutmağımız üçün əsas olan bu cümlələr yeni qəhərmanlıq səlnaməmiz, qürur mənbəyimizdir. Bəli, bu şəxslər ölmədilər, Onlar şəhidlik zirvəsinə yüksəlidilər. Bəli, aprel savaşı döyüş sənətimizin ən uğurlu dörd günü kimi yaddaşlarımıza qızıl hərflərlə yazılaraq, şanlı tariximizdə öz yerini aldı. Amma bu müharibə yaddaşlarımızda təkcə uğurlu dördgünlük savaş kimi qalmadı. Eyni zamanda kimliyimizi bizə xatırlatdı, vətənpərvərliyimizi, birliyimizi və ən əsası hər birimizin düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün canından keçməyə hazır bir əsgər olduğunu bütün dünyaya nümayiş etdirdi. Əslində illərlə arzusunda olduğumuz bir çox hədəflərə, habelə 20 ildən artıq müddət ərzində əldə edə bilmədiyimiz mərhələlərə məhz bu dörd günlə çatdıq. Bu dörd gün ermənilərə sarsıdıcı zərbə vuraraq, onların məğlubedilməz stereotipini qırdı. Ermənistan və onun havadarları gördü ki, Azərbaycan Ordusu ildırım sürəti ilə torpaqları azad etməyə qadirdir. Biz aprel savaşı ilə ermənilərin torpaqlarımızı qaytarmaqdan başqa yolunun qalmadığını isbatladıq. Bu, ya onların siyasətçilərinin masa arxasında əzilməsi, ya da ki, əsgərlərinin tanklarımızın altında əzilməsi yolu ilə olacaq. Amma olacaq... Aprel savaşının Milli Qəhrəmanları – Murad Mirzəyev, Samit İmanov, Şükür Həmidov və digər şəhidlərimiz canları, qanları bahasına bunu göstərdilər.

“Soruşurlar ki, ata haradadır, niyə gəlmir?”

F.Mirzəyeva uşaqlarının atalarına çox bağlı olduğunu deyir: “Allah heç kəsi aciz qoymasın. Xaraktercə güclü insanam. Amma uşaqlar nəsə soruşanda onların sualı qarşısında aciz qalıram. Soruşurlar ki, ata haradadır, niyə gəlmir? Bu suallar insanın ürəyini parçalayır. Bilmirəm nə cavab verim. Bir müddət öncə Nurlan Murada təqdim olunan medalın kitabçasını götürüb, oxudu. Orada yazılıb ki, Murad Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Məndən soruşdu ki, ana, niyə bura “ölümündən sonra” yazılıb? Birtəhər başa saldım ki, zamanla hər şeyi başa düşəcəksən, dərk edəcəksən. Birinci sinifdə oxuyur, təbii ki, dərk edir...”

“Nə olursa-olsun, evə salamat gəl, dedim, amma...”

F.Mirzəyeva həyat yoldaşının həddindən artıq qapalı insan olduğunu söyləyir: “Muradla son olaraq aprelin ikisində axşamüstü danışdıq. Cəbhədə baş verənlərlə əlaqədar ona sual verə bilməzdim. Sual verən zaman belə, cavablandırmırdı. Sonuncu dəfə danışanda soruşdum ki, Murad xəbərlər yayılıb ki, cəbhədə gərginlikdir, siz hansı tərəfdəsiniz? Dedi: “Mən belə xəbər eşitməmişəm”. İnanırsınız həmin vaxt da mənə bir kəlmə söz demədi... Bircə “salamatam” dedi. Sonra yazdım ki, özündən muğayat ol, nə olursa-olsun, evə salamat gəl. Ayın 3-də əlaqə yarada bilmədim, hiss elədim ki, nəsə olub. Aprelin 4-də bizə dedilər ki, vəziyyət gərgin olduğundan, Muradgilin briqadası ilə əlaqə kəsilib. Həmin gün başqa bir zabitin həyat yoldaşı zəng edib mənə başsağlığı verdi. Təsəvvür edin, necə olaram?! Həmin vaxt da Murad adlı başqa bir polkovnik şəhid olmuşdu. Amma soyadlar fərqli idi. Fikirləşdim, səhv salıblar, elə şey ola bilməz, inanmadım. Həmişə yoldaşıma deyirdim ki, sənin haqqında mənə nə desələr belə, heç kimə inanmaram. Yalnız özündən məlumat aldıqdan sonra inanırdım. Düşünürdüm ki, qayıdacaq. Amma vaxt keçdikcə anlayırdım ki, vəziyyət yaxşı deyil. Aprelin 10-da Muradın cəsədini Gəncəyə gətiriblər, orada tanımışdılar, onda bildim ki, Murad şəhid olub. Uşaqlara hiss etdirmədim, cənazə də gələndə uşaqları çıxardım evdən. İstəyirəm ki, ataları uşaqların yaddaşında canlı kimi qalsın, yaddan çıxmasın. Nə qədər ki, yaşayıram, Muradın adını yaşadacağam”.

“Tabeçiliyindəki hərbçilərin başından bir tük əskik olsaydı...”

“Murad Mirzəyev ailəsini də, işini də çox sevirdi. Tamam başqa bir insan idi. İnanırsınız, elə bil iki həyat yaşayırdı: işi və ailəsi. Ailə quranda mənə dedilər, hərbçidir, kobud olacaq. Amma Murad elə deyildi, bir dəqiqə vaxtı olan kimi onu bizimlə bölüşürdü. Yorğun da olsaydı, uşaqlar ayaqlarına sarılırdılar, o da güləşirdi. Yemək də yeyəndə uşaqlar qucağında olurdu. Başqa cür insan idi, sadə, təmkinli idi. Mən ondan səbirsiz idim. Həmişə deyirdi ki, səbirli ol. İşini çox sevirdi. Müxtəlif ölkələrə səfərlər etdi. ABŞ-da kurs keçdi... Mən də həmişə ona təkan vermişəm, məsələn, deyib ki, harasa gedirəm, demişəm, get, gözün arxada qalmasın, hər şeydən arxayın ol. Mən sevinirdim, qürur duyurdum ki, o, sevdiyi işlə məşğul olur. Komandir idi, tabeçiliyində xidmət edənləri çox istəyirdi. Onların başından bir tük əskik olanda çox pis olurdu. Zirvəyə çox əziyyətlə gəlib çıxmışdı, halal insan idi. Nə araq içirdi, nə də siqaret çəkirdi. Qohumlardan kimsə uşağını tapşıranda deyirdi ki, hamı xidmətə getməlidir”, - deyir Milli qəhrəmanın həyat yoldaşı.

“Diplomatların 22 ildə edə bilmədiyini, ordumuz 20 dəqiqəyə etdi”

Aprel döyüşlərindən danışan hərbi ekspert Üzeyir Cəfərov siyasətçilərin 20 ildən artıq dövrdə edə bilmədiyini, Azərbaycan əsgərinin 20 dəqiqəyə elədiyini bildirir: “Həqiqətən də, Azərbaycan əsgəri çox gözəl motivasiya yaratdı, əsgərlərimiz dedi ki, ya bu problemi sülh yolu ilə həll edin, ya da biz həll edəcəyik. Lələtəpə yüksəkliyi faktiki olaraq Füzuli və Cəbrayılın qısa müddətdə bizdə olmağı deməkdir. Ondan sonra Zəngilan və digər ərazilərə yol açılır. Bir üstünlük də odur ki, briqadalarımız digər ərazidən, həm Tərtər, Ağdərə, həm də Harami düzü istiqamətinə çox rahat şəkildə hərəkət edə biləcəklər. Bizə 3-4 gün kifayət edəcək ki, çox böyük üstünlük əldə edək. Böyük üstünlük də odur ki, o qüvvə və güclə ən azından 4-5 rayonu qaytara bilərik”.
Hərbi ekspertin sözlərinə görə, son döyüşdə erməniləri vahiməyə salan məhz xüsusi təyinatlılarımız olub.

Yeni alınan silahlardan istifadə etsəydik...

Azərbaycan Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynovun sözləri hərbi ekspertin bu fikirlərini daha da qüvvətləndirir. Generalın “biz dördgünlük döyüşlərdə yeni aldığımız silahlardan demək olar istifadə eləmədik” sözləri hər şey aşkar şəkildə ortaya qoyur. Deməli, ordumuz yeni silahlardan istifadə etsəydi, Milli qəhrəmanımız Murad Mirzəyevin timsalında xüsusi təyinatlılarımızın ermənilərin canına saldığı qorxu birə beş artmış olardı.

“Yeni alınan silahlardan yalnız tank əleyhinə sistemlərin bəzilərini tətbiq elədik və nəticəsi də müsbət oldu. Hətta ermənilər bundan sonra tanklarını döyüş meydanına çıxarmadılar”, - deyə general qeyd edir.

Z. Hüseynov bildirir ki, döyüşlər zamanı da artilleriya atışlarının idarə edilməsində PUA-lardan geniş istifadə edilib: “PUA-lardan əlavə, bu gün istifadəmizdə düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrləri əsasında onun atəş nöqtəsinin yerini təyin edən sistemlərimiz mövcuddur. Biz döyüşlərdə bundan da praktiki olaraq istifadə etdik. Düşmənin artilleriya batareyalarının mövqeləri aşkarlanaraq maksimum 3 dəqiqədən az bir müddətə susduruldu. Beləliklə bu komplekslərin bizə böyük köməkliyi oldu. Bu sistemlər həm haubitsaların, həm də minaatanların yerini aşkarlamağa imkan verir. Bu, eyni zamanda mərmi sərfini azaltdı”.

“Ermənilər demoralizə olmuşdu”

Generalın “döyüş əməliyyatlarının birinci iki günü ermənilərin artilleriyası demoralizə olmuşdu. Hara atdıqlarını konkret olaraq bilmirdilər. Atışdan sonra qısa müddət ərzində onların həmin batareyasını susdururduq. Ermənilər bizim artilleriya atəşin nəticəsində şəxsi heyətdə çox itkilər verdi. Dərinlikdə düşmənin 15-20 topunu, eləcə də xeyli sayda hərbi texnikasını sıradan çıxardıq” fikirləri ordumuzun qüdrətini nümayiş etdirməklə yanaşı Ermənistan silahlı qüvvələrinin necə çətin vəziyyətə düşdüyünü aşkar şəkildə göstərir.

“Aprel döyüşləri ilə Ermənilərin bütün düşüncələri alt-üst oldu”

Emin Həsənli hazırda Azərbaycan Ordusunun psixoloji hazırlığının çox yüksək səviyyədə olduğunu deyir: “Aprel hadisələri bir daha göstərdi ki, ötən illər ərzində qazanılan təcrübə, alınan silahlar və texnikalar hədər deyil. Bu hadisələrə qədər ermənilər hər zaman xəyallarında düşünürdülər ki, ötən əsrin 90-cı illərində olduğu kimi, indi də istədikləri zaman gəlib torpaqları işğal edə bilər. Ermənilərin bütün bu düşüncələri aprel əməliyyatları zamanı alt-üst oldu. Ermənistan cəmiyyətində böyük təşviş və çaxnaşma əmələ gəldi. Son döyüşlər cəmiyyətimizdə isə ordu-xalq həmrəyliyini bir daha ortaya qoydu. Aprel döyüşlərində bütün vətəndaşlar birmənalı olaraq silahlı qüvvələrimizi və dövlətimizi dəstəklədi”.

Erməni etirafı

Bu arada, Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyanın fikirlərinə diqqət ayərmaq yerinə düşər: “Dördgünlük döyüşlər orduda operativ həll tələb edən yeni problemlərin olduğunu aşkara çıxarıb. Aşkara çıxarılan problemlərin yeni həlli gərəkdir”. Naapetyanın bu sözləri də Ermənistan silahlı birləşmələrinin ordumuz qarşısında necə aciz qaldığını isbatlayır.

“Vətənpərvərlik ruhunun bir daha şahidi olduq”

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, aprel döyüşləri ilə Azərbaycan sübut etdi ki, ərazilərini azad etmək gücündədi və Ermənistanın hərbi təcavüzünə heç zaman dözməyəcək. Millət vəkili deyir ki, bu döyüşlərlə Azərbaycanın bütün sahələrdə Ermənistanı üstələdiyi bir daha aydın oldu: “Azərbaycan cəmiyyəti onsuz da vətənpərvərlik ruhuna köklənmişdi. Bu döyüşlərlə bir daha bu ruhun nə qədər yüksək olduğunun şahidi olduq”.

“Bu dörd günlə daxilimizdəki məğlub ruhdan qurtulduq”

Millət vəkili Zahid Oruc da eyni fikirdədir. Onun sözlərinə görə, dördgünlük savaş beynəlxalq gücləri münaqişənin tarixinə yenidən diqqət ayırmağa məcbur etdi: “Bu döyüşlərdə nüfuzlu təşkilatlar, onların rəhbərləri, ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünün pozulmasını aşkar şəkildə bəyan etdi. Açıq demək lazımdır ki, dördgünlük müharibə informasiya məkanlarında da Azərbaycanın mövqeyini yuxarıya daşıdı, əl-qolumuzu açdı. Bu dörd gün tərəfdarlarımızın çoxluğunu, Ermənistanın isə təklədiyini göstərdi. Ermənistan onu bu vəziyyətdən heç diaspor təşkilatlarının da xilas edə bilmədiyini gördü. Düşmənimiz ən yaxın hərbi müttəfiqlərindən məhrum olduğunu da şahidlik etdi. Hesab edirəm ki, dörd günlük müharibə Azərbaycanın gələcəkdə torpaq bütünlüyü üçün çox mühüm diplomatik, informativ şərait yaratdı. Hazırda beynəlxalq rəy bizim xeyrimizədir. Eyni zamanda bu dörd günlə ermənilərin qalib stereotipi qırıldı. Habelə biz daxilimizdəki məğlub ruhdan qurtulduq. Bəlli oldu ki, ordular üzrə dayanan zaman qalibi müyənnləşdirmək çətin deyil. Ümumiləşdirsək deyə bilərik ki, dördgünlük müharibə gələcəkdə Azərbaycanın Ermənistan üzərində qələbəsinin dönüş nöqtəsi oldu”.

İlhamə Xankişiyeva

Yazı “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.


Müəllif:

Oxşar xəbərlər