25 İyun 2016 21:15
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunan konsert keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə baş tutub.

Teleqraf.com xəbər verir ki, konsertdən əvvəl filarmoniyanın foyesində adıçəkilən ölkələrin milli-tətbiqi sənət nümunələrinin sərgisi keçirilib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan dövləti ümumi tarixi köklərlə bir-birinə bağlı olan qardaş türkdilli dövlətlərlə mədəni əməkdaşlığı yüksək qiymətləndirir. Nazir bugünkü konsertin türk xalqlarının möhkəm dostluğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Ə.Qarayev təntənəli tədbirin təşkilinə yardım üçün TÜRKSOY-a təşəkkür edib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycan ilə əməkdaşlığa yüksək qiymət verir. D.Kaseinov Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılış günündə TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konsertinin olacağını bildirib.

Sonra TÜRKSOY-un xalq çalğı alətləri ansamblı çıxış edib (dirijorlar Ağaverdi Paşayev (Azərbaycan) və Marat Jalbirovun (Qazaxıstan) Konsertdə solo hissələri Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin musiqiçiləri ifa ediblər.

Tədbirdə ölkəmizdə akkreditə olunan xarici ölkələrin diplomatik missiyalarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, diaspor icmalarının nümayəndələri iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər