“Respublikamızda dövlət uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Lakin ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər vardı.
Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub”.
Bunu əmək və əhalinin sosial naziri Səlim Müslümov “Sosial Həyat” jurnalında dərc olunan “Azərbaycan Respublikasında sosial inteqrasiya” adlı məqaləsində vurğulayıb.
Nazir bildirib ki, məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunublar: “Ürək açan məqam ondan ibarətdir ki, internat məktəblərinin məzunları bununla da bir sıra sosial-məişət qayğılarından azad ediliblər. Hətta cari ilin fevral ayında mənzillə təmin olunmuş iki gənc nikaha daxil olaraq ailə qurub. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssisədə işlə təmin olunublar.
Hazırda gündəlikdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir”.
Səlim Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır. Son 2 il ərzində burada yaşayanlardan 14 nəfəri öz ailələrinə verilib. 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib.
Nazir penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial inteqrasiyası məsələlərinə də toxunaraq nəzərə çatdırıb ki, həmin kateqoriyadan olan şəxslərin sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə hazırda Qobustan rayonu ərazisində 50 yerlik Sosial Adaptasiya Mərkəzinin inşası başa çatdırılmaqdadır. Mərkəz müəyyən yaşayış yeri olmayan şəxslərin yaşayış yeri ilə təmin edilməsi, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və digər məsələlərlə bağlı işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirəcək. Mərkəzin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur:
“2015-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 152 nəfər şəxs üçün azad etmədən əvvəlki 3 ay ərzində həmin müəssisələrdə peşə hazırlığı kursları təşkil olunub, eləcə də cəzasını çəkib azadlığa çıxmış 5823 şəxsin hər birinə ilkin tələbatlarını ödəmək üçün minimum əmək haqqının 4 misli məbləğində müavinət ödənilib”.
Səlim Müslümov insan alveri qurbanlarının sosial inteqrasiyası məsələlərinin də diqqət mərkəzində olduğunu qeyd edib: “İnsan alveri ilə mübarizə standartlarının yüksəlməsi, o cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının peşəkarlığının, qurbanlara göstərilən dövlət dəstəyinin artması, müvafiq sahədə infrastrukturun və texniki təminatın güclənməsi ilə səciyyəvidir. Bunun nəticəsi olaraq son illərdə insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalıb.
2015-ci ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 77 müraciət daxil olub ki, Mərkəz tərəfindən həmin şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilib”.
İlhamə ƏBÜLFƏT