Azərbaycan Mətbuat Şurası Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist və naşir Oqtay Əliyevin (Ərgünəş)in anadan olmasının 70 və yaradıcılığının 50 illiyi münasibəti ilə yubiley toplantısı keçirib.
Teleqraf.com-un məlumatına görə, mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Oqtay Əliyevin jurnalist, naşir kimi fəaliyyətindən danışıb, bədii yaradıcılığını səciyyələndirib. Şura sədri yubilyarı təbrik edib, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, şairlərdən Oqtay Rza və Ramiz Məmmədzadə, əməkdar jurnalist Tahir Aydınoğlu, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Vidadi Tağıyev, yazıçı-publisistlərdən Fazil Abbasov, Yəhya Əliyev, İmaməddin Zəkiyev və digər çıxış edənlər Oqtay Əliyevin mənalı ömür yolundan, yaradıcılığının diqqəti çəkən məqamlarından söhbət açıblar.
Bildirilib ki, Oqtay Bəndalı oğlu Əliyev Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub, Pedaqoji İnstitutda və Tibb Texnikumunda təhsil alıb. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsini bitirib. Sumqayıt şəhərində bir sıra tikinti və tibb müəssisələrində işləyib. 1966-cı ildə “Sosialist Sumqayıt”I şəhər qəzetində jurnalist fəaliyyətinə başlayan Oqtay Əliyev 1968-ci ildə Füzuli rayonunda yenidən nəşrə başlayan “Araz” qəzetinə işə göndərilib. O az sonra redaktor müavinliyinə irəli çəkilib və 1985-ci ilədək həmin vəzifədə işləyib.
Həmkarımız 1985-ci ildən Respublika Mətbuat və İnformasiya Nazirliyi nəzdində Füzuli rayonlararsı birləşmiş mətbəələr birliyinin baş direktoru vəzifəsində çalışıb, 1997-ci ildə isə yeni nəşrə başlayan “Qayıdış” qəzetinin redaktoru, “Nigar-Ə”, “Vüqar-Ə” nəşriyyat-poliqrafiya müəssisələrinin direktoru olub. Hazırda “Ərgünəş” FM-nəşriyyat-poliqrafiya müəssisəsinin direktorudur.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Oqtay Bəndalı oğlu Əliyev “Qızıl qələm” və Rəsul Rza mükafatları laureatıdır.
Yazıçının 70 illik yubileyi ərəfəsində seçilmiş əsərlərin ikicildliyi, yaradıcılığı barədə monoqrafiya və həyat fəaliyyətindən bəhs edən «Çinarlaşan ömür» xatirə kitabı çap olunmuşdur.
Yazıçı-jurnalist Oqtay Əliyevin minlərlə məqalə, oçerk və felyetonu respublika mətbuatında nəşr edilmişdir. Bir sıra sənədli və bədii kitabın müəllifidir.
Mərasimin sonunda Oqtay Əliyev həyat və yaradıcılığına verilən dəyərə görə Mətbuat Şurasına minnətdarlığını bildirib.
Səxavət