Sentyabr ayı kirayə mənzil bazarının aktivləşdiyi dövrdür. Yeni tədris ili başladığından regionlardan paytaxta oxumağa gələn tələbələr kirayə mənzillərdə yerləşməli olurlar. Bu səbəbdən kirayə mənzil bazarında tələbat yüksəlir,qiymət bahalaşır.
Bazarın hazırkı durumunu öyrənmək üçün internet resurslarındakı ev elanlarına nəzər yetirdik. Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşən ikiotaqlı və əşyalı mənzilin aylıq kirayə haqqı 250 manatdır.
Makler Vüqar Hüseynov deyir ki, adətən, bu qiymət tələbələri qane edir: “Kirayə haqqını bir nəfər ödəmir ki… Bir neçə qız və ya oğlan tələbə bir yerdə yığışıb qalır və kirayə haqqını da bölüşürlər. Elə olur, birotaqlı evdə 3 qız qalır.
Ev sahibləri daha çox ailələrə və tələbə qızlara üstünlük verirlər. Ancaq əlac olmayanda oğlanlara da razı olurlar”.
Maklerə bu il tələbə oğlanların kirayə tapmaqda çətinlik çəkdiyini bildirəndə isə belə cavab verdi: “Bu, təkcə bu il deyil , həmişə belə olub. Ev sahibləri evlərinin səliqəli, təmiz qalmasını istədikləri üçün qız kirayənişin arzu edirlər. Amma oğlanlar da evsiz qalmırlar ki… Sadəcə daha uzun müddət, daha çox ev gəzməli olurlar.”
Vüqar Hüseynovun sözlərinə görə, 250-300 manat arasındakı evlər adətən, “Qara Qarayev”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Neftçilər”, “Xətai” metrosu yaxınlığında yerləşir: “ Daha ucuz qiymətə ev axtarışında olanlar bir qədər kənarda yerləşən mənzillər arasında seçim etməli olurlar. “Sahil”, “İçərişəhər” metrosu yaxınlığındakı evlər baha olur, amma heç tələbələr də demək olar ki, orda ev axtarmırlar. “Elmlər Akademiyası” yaxınlığında da evlər bir qədər baha olur, çünki o ərazidə bir neçə universitet yerləşdiyindən tələbat çox olur. Həmin ərazidə həyət evləri bir az ucuz olur”.
Daşınmaz əmlak üzrə mütəxəssis Nüsrət İbrahimli bildirir ki, kirayə mənzil bazarında bahalaşma əsasən avqustun üçüncü ongünlüyündən başlayaraq müşahidə edilir: “Təxminən 10 faizdən bir qədər artıq bahalaşma var. Təbii ki, bu bahalaşma ən çox tələb olunan ərzilərdə, yəni metro ətrafı və təhsil ocaqlarına yaxın yerlərdə hiss olunur. Bahalaşma həm mövsümi ayla – tələbələrin paytaxta qayıtmasıyla, həm də ümumi olaraq təklif portfelində təklifin sayının azalmasıyla bağlıdır. Bu da yəqin ki, sentyabr ayının sonun aqədər davam edəcək”.
Ekspert manatın dəyişən məzənnəsinin kirayə mənzil bazarına təsir etmədiyini deyir: “Ümumiyyətlə, manatın qiyməti daşınmaz əmlak bazarına təsir etməyib. Ötən il fevral ayında birinci devalvasiyadan sonra qısa müddətlik təsir etdi, sonra öz təsirini itirdi. Yəni bahalaşma yalnız mövsümi xarakter daşıyır”.
Sevinc Fədai