7 Sentyabr 2016 20:50
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Diqqətə çatdırılıb ki, 109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurmaya ehtiyac yaranmışdı. Bunu nəzərə alaraq təhsil ocağının binasında dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir işləri görülüb.

Məktəbin həyətində bu təhsil ocağının Qarabağ uğrunda döyüşlərdə şəhid olan məzunu Rəhilə Orucovanın büstü qoyulub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil işçiləri ilə görüşləri, həmçinin müxtəlif məktəblərin açılışı zamanı çəkilən fotolarından ibarət stend yaradılıb.

Məlumat verilib ki, 760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var. Sinif otaqlarının, o cümlədən fənn kabinələrinin hamısı müasir tədris avadanlığı ilə təchiz olunub. Burada uşaqların təlim-tərbiyəsi ilə 85 təhsil işçisi məşğul olur. Bu il məktəbi bitirənlərin 76 faizi ali məktəblərə qəbul olunub.

Beləliklə, paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin müəllim və şagird kollektivi sentyabrın 15-də yeni dərs ilinə müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş binada başlayacaq. Paytaxtda və bölgələrdə yeni məktəb binalarının inşası, mövcudlarının əsaslı şəkildə yenidən qurulması Azərbaycanda təhsil islahatlarının ardıcıl xarakter aldığını nümayiş etdirir.

Paytaxtdakı 109 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.
Prezident İlham Əliyev Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə də əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, bu məktəb binası 1964-cü ildə inşa olunub. O vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb. Məktəbin binasında əsaslı təmir işləri dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib.

Təhsil ocağının həyətində bu məktəbin məzunu Milli Qəhrəman Yuri Kovalyovun barelyefi qoyulub. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu təhsil ocağının üçmərtəbəli binasında yaradılan şərait şagirdlərin biliklərin əsaslarına daha dolğun yiyələnmələrinə, müəllimlərin tədris prosesini müasir proqramlar əsasında aparmağa imkan verəcək. Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var. Buradakı fənn kabinələri, laboratoriyalar və digər otaqlar zəruri dərs ləvazimatı ilə təchiz olunub. Məktəbdə şagirdlərin qidalanmaları üçün bufet də yaradılıb. Təhsil ocağının akt və idman zalları da müasir standartlar səviyyəsində qurulub.

Məktəbin şagirdləri və məzunları arasında prezident təqaüdçüləri, müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri var. Təhsil ocağını bu il 70 məzun bitirib ki, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb.


Müəllif:

Oxşar xəbərlər