Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan ən kiçik uşağın anası hər şeyin o, hamilə olanda başladığını deyir. Həyat yoldaşı ilə müayinəyə gediblərmiş...
Şərti Rəna olan qadın belə danışır: “Mən hamilə olanda həyat yoldaşımla müayinə üçün xəstəxanaya getdik. Müayinə edən həkim dedi ki, uşağınız qız olacaq, özü də fiziki qüsurla doğulacaq. Yoldaşım bizi xəstəxanada atıb getdi...”.
Rəna deyir ki, hamilə olana qədər həyat yoldaşı ilə heç bir problem yaşamayıb: “Həkim uşaqda fiziki qüsurlu olduğunu deyən kimi atası heç həkimlə də danışmadı. Çıxıb getdi. Nə edəcəyimi bilmədim. SOS təşkilatının xətti ilə Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yerləşdirildik”.
Həmsöhbətimin sözlərinə görə, sığınacaq əməkdaşları dəfələrlə uşağın atası ilə əlaqə saxlayıblar, ancaq heç bir faydası olmayıb: “Hər dəfə işləmədiyini, maddi vəziyyətinin pis olduğunu bəhanə gətirib. Bir dəfə də özüm danışdım, dedi ki, mən o uşağı görmək istəmirəm, vəssalam.
Həyat yoldaşım bizi tərk edəndən sonra atam rəhmətə getdi. Bəlkə, atam sağ olsaydı bu gün mən sığınacaqda qalmazdım, o mənə və nəvəsinə sahib çıxardı... Anamın da səhhətində ciddi problem var, gəlib məni və nəvəsini görə bilmir. Qardaşım isə bizi qəbul etmir. Ara-sıra bacım gəlib baş çəkir”.
Ötən ilin bu vaxtı Rənanın qızı dünyaya göz açıb. İndi ana bütün gününü uşağı ilə keçirir: “Övladım fiziki qüsurludur deyə onu atmaram, əksinə ona daha çox qayğı göstərirəm. Sadəcə görməsində problemi var. Həkimlər əməliyyata icazə vermirlər. 1 ildən artıqdır sığınacağa məskunlaşmışıq, qızımın ad gününü də burda qeyd etdik. Hələ buradayıq, taleyimizin necə olacağını bilmirik...”.
Sığınacaqda 10 qız, 9 oğlan, azyaşlı 5 uşağın anası qalır. Buranın ən kiçik sakini 1, ən böyüyü 13 yaşındadır. Uşaqların burda qalma müddəti 2 ay nəzərdə tutulur, amma sənədlərində problemlər olduğu üçün onlar üçün müddət uzadılır.
Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, son 6 ayda sığınacağa bir neçə küçə uşağı gətirilib: “Onların sayı əvvəlki illərə nisbətən azalıb. Mərkəzə bir uşaq gətirilmişdi, Lənkəranın Quşçu kəndindən olduğunu deyirdi. Ağlımıza gəlməzdi ki, uşaq bizə yalan danışar. Deyilən kəndi ünvan tutub etdik. Məlum oldu ki, bu rayonda bu adda kənd yoxdur.
Bəzən sığınacağa gələn uşaqlar koordinatlarını gizlədirlər. Yanlış ad, yaş dediklərinə görə çarəsiz qalırıq. Məcbur olub uşağın ailəsini tapmaq üçün yerli televiziyalara məlumat verdik. Həmin uşağın ailəsi tapıldı və məlum oldu ki, uşaq tamam başqa rayonda yaşayırmış. Bəzən bu tip uşaqların qeyri-sağlam ailələrdə böyüdüyü üzə çıxır”.
Sığınacaqda yaşayan Anar (ad şərtidir) deyir ki, anası ilə atası boşandıqdan sonra onu dayısının himayəsinə veriblər: “Anamla atam boşandı, məni dayım himayə götürdü. O da məni tez-tez döyürdü, dilənməyə məcbur edirdi. Bir gün evdən qaçdım. Bakıda avtovağzalda gizləndim. Polislər məni tapdılar, qolumdan tutub bura gətirdilər. Hazırda sığınacaqda çərpələng kursunda təhsil alıram, heç bir sənədim olmadığı üçün məktəbə gedə bilmirəm”.
Vasif Akiflinin sözlərinə görə, bir-iki dəfə Anarın anası ilə əlaqə saxlayıblar: “Bizə bildirdi ki, sığınacağa gəlib oğlumu aparacam. Sonra məlum oldu ki, o, təzə ailə qurub. Uşaq bir müddət ümidlə anasını gözlədi. Sonra ümidləri qırıldı.
Uşaqda qəribə bir hal var, heç yerə getmək istəmir. Elə bilir, biz onu harasa, pis yerə göndərəcəyik. Atası ilə danışdıq, uşağın sənədlərini düzəltməyi xahiş etdik. Acınacaqlı fakt olsa da, uşağın həqiqi yaşını və adını dəqiq bilmirik. Çünki onun harada doğulduğu barədə də heç bir sənəd yoxdur”.
Dünən sığınacaqda yaşayan uşaqlardan 5-i 1-ci sinfə gedib.
Sonda onu da qeyd edək ki, mediaya həyat hekayəsi çıxmış Mişa artıq Rusiya göndərilib. O, Rusiya vətəndaşıdır. Valideynləri onu evdən qovandan sonra anbarda qalmış, hava soyuq olduğu üçün ayaq barmağı qanqrena olmuşdu. Buna görə uşağın barmaqları amputasiya edilmişdi. Mişa tək əlil arabasında hərəkət etməyə məcbur idi...
Mərkəzin koordinatoru deyir ki, Mişa Rusiyada uşaq reablitasiya mərkəzinə yerləşdirilib: “Biz də sevinirik ki, o, yaşadığı travmanı geridə qoymağa çalışır. Anası analıqdan məhrum edilib. Bizim sığınacaq öz üzərinə düşəni etdi. O, burada oxudu, səhhətindəki problemləri aradan qaldırmağa çalışdı. Azərbaycan dilini, adət ənənələrimizi öyrəndi. Hərdən əlaqə saxlayırıq, “yaxşıyam” deyir...”
Sığınacaqda “Özgə uşağı olmur” adılı layihə icraya başlayacaq. Məqsəd ölkə ərazisində uşaqların hüquqlarını maksimum müdafiə etməkdir.
Axı, doğrudan da özgə uşaq olmur...
İlhamə ƏBÜLFƏT