Xınayaxdıya getmişdim. Mərasimi şənləndirən xanım xınayaxma məqamında hamını ağlatdı. Xanım o qədər peşəkar idi, fikir verdim, kənarda dayanan bir-iki kişi xeylağının da gözləri yaşarmışdı. Ümidlənmişdim, vallah. Dedim nə yaxşı, millətim kədərlənməyi də bacarır. İki dəqiqə keçmədi, baxdım Mopassanın “Gonbul”ları tökülüşüb ortaya süzürlər: “Ay nə gözəl xanımdı, o, mənim canımdı, mən onun xəstəsi, o da dərmanımdı. Bu xanım hər işdə göstərir səriştə, belə bir xanımdan, tapılmaz behiştə”. Yox bir əriştə...
Məni qınamayın, vallah, bunlarda seratoninlərlə prolaktinlər hamısı qarışıb bir-birinə. Ucunu-bucağını tutmaq olmur. Adam necə bir vəziyyətdən digər vəziyyətə bu qədər rahatlıqla dırmaşa bilər?! Doğrudan, bu broyler toyuğuna bənzəyən xalalar hər işdə necə göstərirlər bu boyda səriştə?
Nəysə, bizdə nəticə belə olur: əvvəli ağlamalı, sonrası hırıldamalı! Bəlkə də münasibətlərimiz kimidi hər şey – sonrasında məzəyə, məsxərəyə çevrilirik. Qınamayın məni, bu cür evlənən də, elə o cür boşanmalıdır, başqa yolu yoxdu. Həyatının daha sonrakı yarımfəsilinə hazırlaşan cütlüklərin əksəriyyətinin aqibəti budur.
Toyxanadı, yoxsa dəlixana, anlamaq olmur. O bayağı musiqilərə bir o qədər xod verməklə kimin zövqünə sitayiş edirlər, görəsən? Axı bir insan necə əl götürüb oynasın Nadirin, Xatunun mahnısına?
Buna da dözmək olar, lap əlacsız qalıb qolları havada havayıca yormaq da olar, amma valideynlərimiz bizə niyə bu qədər bəsit, bayağı toy tuturlar, onu anlaya bilmirəm.
Fikir verdim, “Bozbash pictures”in nə qədər fiquru varsa, tökülüşüb xınayaxdıya. Amma qızın yan-yörəsində bir dənə də olsun rəfiqəsi, tay-tuşu yoxdur. Dözmədim, sual verdim:
- Niyə belə?
Dedi anam qonum-qonşunu, tanış-bilişini, iş yoldaşlarını çağırdı, adam çox oldu deyə rəfiqələrimi çağıra bilmədik.
- Eybi yox, sən də öz qızının toyunda tay-tuşlarının barmaqlarına xına yaxarsan, tələsmə.
...Elə ona görə də. Adam yaponlara özünün birə-bir eynisini sifariş verə, onlar da yaxşı bir robot düzəldib yollayalar sənə. Saxlayasan özündə, toyunda gəlinlik, bəylik geyindirib çıxarasan üzə, oturdasan kürsüdəki yerində, çıxasan aradan. Qohum-qardaşın qocası, orta yaşlısı gəlib yan-yörənə düzülüb şəkil çəkdirə, cavanları da o tərəfdən selfi edə, bu tərəfdən selfi edə, şəkilləyə doyunca, yeyə-içə, tullana-düşə, ürəyi istəyəndə lap dava sala.
Dj-i bir yandan, Nadirin “Maral”ı, Xatunun “Qaynana”sı bir yandan doyunca əl qatalar özlərinə. Sən də dünyanın gözəl bir guşəsinə çəkilib özünə “toy” edəsən.
Nə bilim ee, sevib dəyər verdiyin beş-üç adamı yığıb başına, dırmaşasan Parisdəki “Eyfel” qülləsinə, gedəsən Belizdəki “Büllur sərdabə”yə, Ukraynadakı “Mlınki” mağarasına, Yaponiyanın “Bambuk” meşəsində əl-ayağını uzadıb sərələnəsən yerə, “arxa cəbhə”dəkilərdən canını bir təhər qurtarasan.
Adamın həyatı cəhənnəm, toyunu da özlərinə bənzədirlər – şəkilləri, bayağılıqları, tullanıb-düşməkləri, nə bilim, “Can-cana”, “Sən mənə can, qaynana, mən sənə can, qaynana”larıyla...
İlahi, xınalarını, toylarını birtəhər yola vermək olar, intəhası beşgünlük, üçgünlük, həftəlik, bəygördü, gəlinçıxdıları qurtarmır bunların. İndi nə edək deyirsiz, işimizi-gücümüzü bir tərəfə tullayıb, biz də qoşulaq sizə? Toya bir təhər icazə alırıq, təsəvvür edin, səhərisi müdirə deyirsən ki, mənə icazə ver, bəs üçgünlüyə, gəlinçıxdıya, bəygördüyə getməliyəm. Bunlara dözmək üçün gərək ancaq azərbaycanlı olasan.
Nə deyirəm, yaxşı ki, azərbaycanlıyıq.