Son illər uşaqları hələ birinci sinifə getməmişdən, ibtidai sinif illərində müxtəlif fənlərdən hazırlığa qoyurlar. Bu, azyaşlıların psixologiyasına necə təsir edir? Məktəblilər xarici dil hazırlığı neçənci sinifdən, neçə yaşdan başlasa yaxşıdır?
Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının Həqiqi üzvü, Eros Psixologiya Mərkəzinin psixoloqu Səbinə Bayramovanın sözlərinə görə, məktəb təhsilinin möhkəm təməli elə ibtidai sinifdə qoyulur: “İbtidai sinif uşaqlarının 6-10 yaş aralığında davam edən bir təhsil dövrüdür. Bu dövrdə azyaşlı uşaqların müxtəlif fənlər üzrə hazırlığa getməsi müxtəlif səbəblərdən ola bilər. Məsələn, ola bilər ki, valideyn xüsusilə də ana öz savadına güvənmir, lazımi yardım, nəzarət edə bilmir və hazırlığa qoymağa qərar verir. Yaxud ola bilər ki, ana-ata işləyir və övladının təhsilinə lazımi vaxtı ayıra bilmir və hazırlıqlara qoymağı qərar verir. Məktəbdə isə müəllim məhdud zaman kəsiyində hər bir şagirdə xüsusi vaxt ayıra bilmir, çünki bir sıra məktəblərdə xüsusi sıxlıq müşahidə olunur, ayrı-ayrı siniflərə 30-40 arası şagird qəbul edilməsinə yol verilir. Qeyd edim ki, ümumtəhsil məktəblərində sinifdə şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər”.
Psixoloq deyir ki, ibtidai təhsil səviyyəsində tədris proqramlarının yerinə yetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasına yol verilmədiyini nəzərə alsaq, deməli, şagird bildi-bilmədi yuxarı siniflərə keçirilir və bu da proqram materiallarını mənimsəməyənlər üçün növbəti mərhələlərdə problemlər yaradır: “Bununla belə, məktəblərdə müəllimlə yanaşı, psixoloq nəzarəti mütləq gücləndirilməli, təhsilində digərlərinə nisbətən geriyə qalan şagirdlərlə xüsusi işlənməlidir. İbtidai siniflərdə xarici dil hazırlığı isə şəkillər üzrə aparıldığı halda, summativ qiymətləndirmələrdə testlər şərti cümlə halında həmin dildə yazılır və azyaşlı şagird əlbəttə ki, xarici dildə olan cümlələri anlamaqda çətinlik çəkir. Nəticədə aldığı qiymət uğursuz olur və bəzən şagirdləri həvəsdən salır, bəzən də həmin fənni və ya həmin fənn müəllimini sevməməyə başlayır və sairə. Bu səbəblərdən dolayı, summativ qiymətləndirmələrdə xarici dil testlərinin ibtidai sinif şagirdlərinin yaşına uyğunlaşdırılması və daha əyləncəli şəkildə tədris olunması tövsiyə olunur”.
Sevinc Fədai