2016-cı ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə tibbi müayinədən 20 min 56 nəfər keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupun açıqladığı hesabatda bildirilib.
Onlardan 715 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub, 358 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.
Həmçinin car ilin 9 ayı ərzində 2083 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilib.
Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 197 xəstə müalicə alır. Onlardan 145 nəfəri Respublika Narkoloji Mərkəzdə, 52 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31 dekabr 2015-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.555 nəfər qeydiyyatda olub, onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri profilaktik qeydiyyatda olanlardır.
Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20.036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2.017 nəfər yeni qeydiyyata götürülüb, 2.118 nəfər isə qeydiyyatdan çıxarılıb.
İlhamə ƏBÜLFƏT