21 Oktyabr 2016 18:59
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisin müzakirəsinə “Məhkəmələr və hakimlər” haqqında qanuna dəyişikliklər edilməsi barədə layihə təqdim edilib. Layihədə həm də hakim vəzifəsinə namizəd olmaq istəyənlər üçün yeni tələblər müəyyən edilir. Belə ki, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş şəxslər artıq hakim ola bilməyəcəklər”. Teleqraf.com-un məlumatına görə, bunu sosial şəbəkədəki hesabında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov bildirib.

V.Hüseynov bildirib ki, hakimlərin işlərə baxarkən qanunvericiliyin tələblərini pozması, hakim etikasına riayət etməməsi, əmək və icra intizamı ilə bağlı qanunvericiliyin tələblərini pozması və “Məhkəmələr və hakimlər haqqında” qanunla müəyyən edilmiş digər hallar hakimi intizam məsulliyyətinə cəlb etmək üçün əsasdır: “Yəni bu hallara yol vermiş hakim barəsində aparılmış intizam icraatının nəticəsində hakimin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilə bilər. Həmçinin qüvvədə olan qanunvericiliyə əsasən hakim vəzifəsinə namizədlər imtahan və təlimlərdən müvəffəqiyyətlə keçdikdən sonra ilk dəfə üç il müddətinə təyin olunurlar. Bu müddət bitdikdən sonra keçirilən qiymətləndirmə nəticələrində fəaliyyətləri ilə bağlı çatışmazlıq aşkar edilməzsə hakimlərin iş müddəti ömürlük uzadılır.

Təklif edilən layihəyə əsasən həmçinin ilkin 3 il müddətinə təyin edilmiş hakim yuxarıda qeyd edilən bu qiymətləndirmədən keçməzsə, yəni onun müddəti uzadılmazsa bu halda o 5 il müddətinə təkrar hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda iştirak edə bilməz. Hər iki müddəa hakimlərin fəaliyyətlərində daha məsuliyyətli olmasına töhfə verəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər