İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində torpağın altından sürü halında ilanların üzə çıxdığı haqda xəbər yayılıb.
Sakinlərin sözlərinə görə, həmin ərazi kəndin mal-qarası üçün örüş sahəsi olduğundan, bu vəziyyət insanları və heyvanları çətin duruma salıb. Sürünənlərin tədricən kəndə soxulması da insanların narahatlığına səbəb olub.
Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların yenidən üzə çıxması təəccüb doğurub. Yerli sakinlər iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər.
İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Rövşən Ağayev Teleqraf.com-a bildirib ki, sakinlərin verdiyi məlumat düzgün deyil: “Sakinlər deyirlər ki, ilanlar fit çalır... Belə şey mümkün deyil. Heç bir əsası olmayan informasiyadır. Kimsə kənddən kənarda ilan görüb, vəssalam, başqa bir şey yoxdur. İsmayıllı Şimal Buzlu Okeanı ölkələrindən deyil ki, burda ilan görmək qeyri-adi bir şey sayılsın”.
Rövşən Ağayevin sözlərinə görə, kəndə və heyvanlara ilan hücumu olmayıb: "İsmayıllı sakinləri təşviş içində deyil".
AMEA Zoologiya İnstitutunun əməkdaşı Təvəkkül İsgəndərov Teleqraf.com-a bildirib ki, ilanların kütləvi axını havaların kəskin soyuması və temperaturun yenidən yüksəlməsi ilə əlaqədar ola bilər: "İlanların sürü halında köçü iki formada - normal və qeyri-normal olur. Normalda sentyabrdan noyabra qədər ilanlar qışlama prosesinə başlayırlar. Ərazidə səpələnmiş ilanlar kiçik qruplar şəklində qışlamaya gedirlər. Adətən, bu qruplar seyrək halda olur və gözə çarpmır.
Lakin qışlama prosesi başlamamışdan havalar soyuyanda qeyri-normal köç başlayır. Bu dəfəki proses bununla əlaqədardır.
İlanlar qışlamağa yer tapmamış havalar kəskin soyudu. Ona görə köç bir az ləngidi. Bəzi günlərdə havanın temperaturunun yüksəlməsi kütləvi şəkildə qışlama yerinə köç sürətləndirdi. İsmayıllıda Kürdaşı kəndində kütləvi şəkildə ilanların müşahidə edilməsi bununla əlaqədardır. Qəfildən hava soyuyanda ilanlar daşların altında özlərinə yer tapdılar. Günəşin çıxması onları fəallaşdırdı və miqrasiya prosesi sürətləndi.
Hava təkrar soyuyanda torpağın temperaturu azalacaq. Bu da ilanlar üçün əlverişli deyil. İlanlar qısa zamanda özləri üçün ən əlverişli yer tapıb qışlayacaqlar”.
Həmsöhbətimizin fikrincə, ilanların kütləvi köçünü hər hansı uçqunla, seysmoloji aktivliklə əlaqələndirmək doğru deyil: “İlanların yayıldığı ərazidə uçqun baş verəndə onlar kütləvi miqrasiya edə bilər. Lakin həmin ərazidə böyük sahədə çökmə müşahidə edilməyib. Ona görə də bu köçü sürüşmə olacağı ilə əlaqələndirməməliyik.
Bu hadisəni ilanların kəndə hücumu və ya onların artımı ilə də əlaqələndirmək düz deyil. Bundan sonra təbiətdə ilanların artma şansı yoxdur”.
İlhamə ƏBÜLFƏT