11 Noyabr 2016 12:56
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meşə, ağac və kol bitkilərinin qorunması haqda dəyişikliklərə səs verəcəyəm. Abşeron torpaqlarında ağac və kolların yetişdirilməsinin hansı əziyyətlə başa gəldiyini nəzərə alsaq, görərik ki, bu vacib dəyişikliklərdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Elmira Axundova səsləndirib.

Deputat “Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə fikirlərini açıqlayarkən ağac kəsənləri sərt tənqid edib. E.Axundova deyib ki, sanki insanlar təbiətə laqeyd münasibət nümayiş etdirir: “Biz hamımız bu işlərə qarşı çıxmalı, təbiəti, meşələri qorumalıyıq. Ətraf mühitin çirklənməsi bəzən çox pis nəticələr verir. Onsuz da bizim qanunvericilikdə meşə və ağacların kəsilməsinə qarşı müddəalar sərtdir. İndi də qanunu bir qədər sərtləşdiririk. Amma yaşıllıqların məhvi davam edir. Bəzən belə hallar Bakıda da müşahidə olunur”.

Deputat qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovla bu barədə danışıb: “Söhbət zamanı nazir dedi ki, məhkəmələrdə belə insanlara qarşı iddia qaldırılır. Hətta nazirlik məhkəməni udanda qarşı tərəf çalışır ki, cərimələr ödənməsin. İri bina tikənlər bəzən ətrafdakı ağacları kəsirlər. Bəzən dövlət orqanları da bunu edir. Sumqayıtda yolu genişləndirərkən bunun şahidi olduq. Ola bilsin ki, yolun genişləndirilməsi vacibdir. Ancaq dünyada texnikalar var və belə hallarda ağacları başqa yerə köçürürlər. Bizim müvafiq qurumlar da bu texnikalardan ala və istifadə edə bilər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, həmin texnikalardan Azərbaycanda var.

Nemət


Müəllif: