Gədəbəy rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.
Teleqraf.com həmin açıqlamanı təqdim edir:
– Komitə zorakılıq baş vermiş ailələrdə qurbanlara hüquqi və psixoloji yardım edir, reabilitasiya proqramlarını həyata keçirir, uşaqların maraqlarını nəzər alaraq onlar üçün təhlükəsiz həyat şəraitinin yaradılması və digər istiqamətlərdə müvafiq tədbirlər görür.
Kütləvi informasiya vasitələrində Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərovanın həyat yoldaşı, 1983-cü il təvəllüdlü Zamur Allahverdiyev tərəfindən qətlə yetirilməsi barədə məlumat öz əksini tapıb. Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamışıq. Bununla əlaqadar olaraq, Komitənin hüquqi-təminat şöbəsinin əməkdaşı 9 fevral 2017-cı il tarixdə Gədəbəy rayonuna ezam olunaraq vəziyyətlə yerində tanış olub. 9 fevral 2017-ci il tarixində Gədəbəy rayon İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda Komitənin əməkdaşı ilə yanaşı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı yanında YYÇ-ların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, Komissiyanın məsul katibi, Gədəbəy rayon Polis Şöbəsinin YYÇ-larla profilaktik işin təşkili qrupunun baş inspektoru, Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və psixoloqu iştirak ediblər.
Məlum olub ki, 1978-cü il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı, Gədəbəy rayon Zəhmətkənd kənd sakini Zamur Allahverdiyev tərəfindən döyülərək qətlə yetirilib. Gədəbəy rayon Polis şöbəsi və Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən bildirilib ki, mərhumun özünün və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə və İcra Hakimiyyətinə hər hansı bir müraciət olmayıb. Gədəbəy rayon İcra Hakimiyyətinin Zəhmətkənd üzrə kənd nümayəndəsinin verdiyi məlumata görə, əvvəllər ailə maddi vəziyyətinin ağır olması ilə bağlı müraciət edib və müvafiq köməklik göstərilib.
Tədbirdə daha sonra “Məişət Zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və onun icra mexanizmləri haqqında məlumat verilib, əhali arasında profilaktik işlərin aparılmasının vacibliyi vurğulanıb.
O da məlum olub ki, mərhumun övladları yetkinlik yaşına çatmayan 14.09.2012-ci il təvəllüdlü Şəhla Zamur qızı Allahverdiyeva, 07.10.2008-ci il təvəllüdlü Şöhrət Zamur oğlu Allahverdiyev və 03.01.2010-cu il təvəllüdlü Şakir Zamur oğlu Allahverdiyev hazırda ögey əmi Zakir Allahverdiyevin evində müvəqqəti yerləşdiriliblər. Mənzil bir otaqdan ibarətdir və uşaqların yaşaması üçün şərait yoxdur.
Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Zakir Allahverdiyev uşaqlara baxmaq üçün maddi imkanının olmadığını bildirib və uşaqların dövlətin himayəsinə verilməsini istəyib. Bunları nəzərə alaraq onların yaşadığı mühitdən çıxarılıb, dövlətin himayəsinə verilməsi məqsədəuyğun hesab edilib.
Gədəbəy rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürüb, müfaviq sənədlər toplandıqdan sonra uşaqların ailə tipli müəssisəyə yerləşdirilməsi qərara alınıb.
Hazırda baş vermiş hadisənin uşaqlara təsirinin azaldılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktik tədbirlər görülür. Dövlət Komitəsi məişət zorakılığı baş vermiş ailələrdə fərdi monitorinq və reabilitasiya tədbirlərini davam etdirəcək.
İlhamə