“Daha bir işi Nobel Komitəsinə təqdim etmişəm. Təqdim etdiyim işin mahiyyəti maddənin 5-ci halı haqqında olan işdir. Həm də obyektiv ideyanın necə maddəyə çevrilməsi, yəni xəyalı nöqtənin maddi nöqtəyə çevrilməsi ili ilə bağlı nəzəriyyədir. Bu, bəşər tarixində əsası Platon tərəfindən qoyulan obyektiv ideyanın maddiyə çevrilməsinn elmi izahıdır. Mən ilk dəfə bunun elmi izahını vermişəm”.
Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
O, bildirib ki, işdə bir çox məsələlərlə bağlı təkliflər irəli sürüb, habelə həm fizika elmi, həm də ictimai fikirdə mövcud olan elmlə dinin min illik ziddiyyətini aradan qaldırmağa çalışıb: “Hesab edirəm ki, bu ciddi elmi nəzəriyyədir”.
S. Cəlaloğlu qeyd edib ki, sözügedən işi 2016-cı ilin dekabr ayında Nobel Komitəsinə təqdim edib.
Onun sözlərinə görə, işlə bağlı müəlliflərə hər hansı bir cavab verilmir: “Ancaq Nobel Komitəsi hansı işlərin gizli komitədə səsverməyə çıxarılması haqda informasiyaya malikdir. Mən iki gün əvvəl eşitdim ki, bütün istiqamətlərlə bağlı 350 iş gizli səsverməyə çıxarılıb. Mən nəzəriyyəmin adı Mütləq Nisbilik Nəzəriyyəsidir. Hazırda mənim nəzəriyyəmin gizli səsverməyə verilib-verilmədiyi haqda informasiyaya malik deyiləm. Ancaq hesab edirəm ki, müəllifliyimi kənara qoysam belə, indiki halda irəli sürdüyüm nəzəriyyə qədər ciddi elmi mahiyyətə, böyük yeniliyə aid iş ola bilməz. Əlbəttə, praktiki elmlərdə müəyyən instrument və hadisələrlə bağlı tətbiqi işlər olur. Ancaq söhbət fundamental dünyagörüşə təsir edən qanunların kəşfindən gedir. Bu mənada mənim nəzəriyyəmin mükafat alma haqqı var”.
Sonda Cəlaloğlu qeyd edib ki, bu işi həyata keçirmək üçün ona 3 min manat maliyyə lazım olub: “Bəzi yoldaşlar bir qədər köməklik edib, müəyyən qədər də borc tapmışam”.
Cavad