Ömrünün 30 ildən çoxu Azərbaycan kinosuna xidmətdə keçən nəğməkar şair İsmayıl Dadaşovun 60 illiyi qeyd olunub.
Teleqraf.com-a verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyasında təşkil olunan tədbirdə qeyd edilib ki, İsmayıl müəllim 1984-cü ildə “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başladığı ilk gündən işinə olan məhəbbəti, qərəzsiz, vicdanlı, yaradıcı münasibəti ilə, həmçinin hamıyla ünsiyyət yarada bilən insan kimi kollektivin böyük hörmət və məhəbbətini qazanıb.
O, yüzlərlə bədii, sənədli, cizgi filmlərinin musiqi tərtibatçısı, “Bəxt üzüyü”, “Ağ atlı oğlan”, “Yuxu” və tamaşaçılar tərəfindən sevilən bir sıra bədii filmlərin musiqi redaktorudur.
Onilliklər boyu çəkilən Azərbaycan filmlərinin musiqisinin arxivdə qorunub saxlanmasında, fonotekadakı bütün lent yazılarının yeni texnoloji avadanlıqlara köçürülməsində onun xidmətləri əvəzsizdir.
Bununla yanaşı, İsmayıl Dadaşov həm də nəğməkar şairdir. Şeirlərini, onlara yazılmış 500-dən mahnıları sevməmək mümkün deyil.
Nərmin