Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şura sədri Azay Quliyev gündəlikdəki ilin birinci rübündəki fəaliyyət, 2017-ci il ikinci qrant müsabiqəsinin elan olunması, Apelyasiya Komissiyasının sonuncu iclasının nəticələri, şuranın 2017-ci il fəaliyyət planına əlavə və dəyişikliklərin edilməsi haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci ilin birinci rübündə görülən işlər və Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib.
İclasda Şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin mövzu, şərt və qaydaları müzakirə edilib. Qərara alınıb ki, aprelin 11-də Şuranın növbəti qrant müsabiqəsi elan olunsun.
Şuranın Apelyasiya Komissiyasının (AK) sədri Sahib Məmmədov Komissiyanın 6 apreldə keçirdiyi iclası haqqında ətraflı məlumat verib. İclasda Şuranın 2017-ci il birinci qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 27 QHT-nin müraciətinə baxılıb. 1 QHT-nin nümayəndəsi iclasda iştirak etməyib. 17 QHT-nin layihəsi haqqında Şuranın qərarı məqbul hesab olunub. Komissiya Şuraya 9 QHT-nin layihəsinə yenidən baxılmasını tövsiyə edib.
Şura müvafiq təkmilləşdirmələr və layihə sənədlərindəki qüsurların aradan qaldırılması şərti ilə 8 QHT-nin (Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi-6000 manat, Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyi-7000, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi-8000, Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyi-5000, Gənc Psixoloqlar İctimai Birliyi-5000, Ehtiyyatda olan Zabitlərin Konfederasiyası İctimai Birliyi-7000, İctimai Problemlərin Tədqiqi Assosiasiyası İctimai Birliyi-7000 və Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi-5000) layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.
Şura üzvləri müzakirələrdən sonra qurumun 2017-ci il fəaliyyət planına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qərar verib.
Şura üzvləri Vüsal Quliyev, Şahin İsmayılov, Emin Həsənli, Rufiz Qonaqov, Anar Xəlilov, Əliməmməd Nuriyev, Nərgiz Xələf və Sahib Məmmədov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı təkliflərini bildiriblər.