Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini müzakirəyə təqdim edib.
Teleqraf.com xəbər verir ki, komitə sədri Azərbaycanda qadınların siqaretə marağının artdığını söyləyib: “Bu göstərici hətta bir faizə çatıb”.
Komitə sədri bildirib ki, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkirlər. Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir.
Deputat Tahir Kərimli deyib ki, tütün məmulatları ilə bağlı problemlər bəşəri problemlərdir. Onun fikrincə, bu qanunun icrasının həyata keçirilmə forması da açıqlanmalıdır: “18 yaşına çatmayanların tütündən istifadə edilməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu da ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.
Azərbaycanda hər iki nəfərdən biri siqaret çəkir, bu, qorxulu rəqəmdir
Deputat Musa Quliyev qeyd edib ki, qanun layihəsi əhəmiyyət daşıyır. Bununla belə o qeyd edib ki, qanunun icra mexanizmi olduqca çətindir. Onun fikrincə, bəzi ölkələrdə bu qanunun tətbiqi uğurlu, bəzisində isə uğursuz olub. Deputat təklif edib ki, qanunun hansı orqanlar tərəfindən icra ediləcəyi müəyyənləşdirilsin.
Deputat Rüfət Əliyev isə qeyd edib ki, ümumiyyətlə, filtirsiz siqaretlərin satışı və istehsalı dayandırılmalıdır. O, qeyd edib ki, filtirsiz siqaretlərin orqanizmə təsiri filtirli siqaretlərlə müqayisədə 3 dəfə artıq zərərlidir. O həmçinin qeyd edib ki, siqaret büdcəyə 100 milyonlarla manat xeyir gətirir? " Bu zalda əyləşənlərin yarısı siqaret çəkəndir".
Hikmət Babayev isə qeyd edib ki, Azərbaycanda hər iki nəfərdən biri siqaret çəkir və bu qorxulu rəqəmdir: “Amma sulu qəlyan haqda qanunda danışılmır. Sulu qəlyanı da qadağan etsək, yaxşı olar. Çünki o da tütün məmulatlarından hazırlanır”.
Hazırda müzakirələr davam edir. Qeyd edək ki, qanun layihəsi birinci oxunuşdan müzakirəyə çıxarılıb.
Cavad