Bunu Teleqraf.com-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin auditoru Əkbər Əliyev deyib.
Onun sözlərinə görə, halal turizm otelləri könüllülük prisnipi ilə işləyir:
“İstənilən otel bu standartlardan istifadə edə, müsəlman turistləri cəlb eləyə bilərlər. Azərbaycandakı otellərə standartların şərtləri göndərilib. Hansı otel razı olsa, bu standartları tətbiq edəcək”.
Komitə rəsmisi bildirib ki, halal standartı almış otellər islam dininin qaydalarını nəzərə alacaq:
“Belə otellərə halal standartın loqosu qoyulacaq. Onlar yalnız halal prinsiplər əsasında fəaliyyət göstərəcəklər. Müraciət edən müsəlman turist biləcək ki, burada namaz qıla, digər islam ritualına əməl edə bilər. Standarta görə, Ramazan ayında qonağa xüsusi xidmətlə göstərilməlidir. Oruc tutan şəxsi imsaka oyatmalı, iftar mərasimini təşkil etməlidir.
Bundan əlavə, həmin otellərdə mərc oyunları yasaqlanır, donuz ətindən və spirtli işkilərdən istifadə edilmir, hovuza gedənlər üçün kişi və qadın yolları fərqli olur. Qadın və kişi otaqları ayrı mərtəbələrə yerləşdirilir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hazırda ölkəmizdə halal turizmə böyük tələbat var:
“Bu standartın tətbiqi ölkəmizdə turizmin inkişafına müsbət təsir edəcək. Mən özüm xarici ölkəyə gedəndə bu cür otellər axtarıram. Standartın yaradılması bizim müsəlman ölkə olmağımızın göstəricilərindən biridir. Bizim birliyin ayrıca təhliləri var. Hallal otellərdə, restoranlarda yaradılan şəraiti bankdan götürülən kreditlər hesabına edəcəklərsə, onu halal hesab etmək olmaz. Yalnız İslam İnkişaf Bankından kredit götürmək lazımdır. Çünki onlarda kreditlərdə faiz olmur”.
Eyyub Hüseynov qeyd edib ki, halal turizm çox ciddi məsələdir:
“Həmin otellərin mətbəxində onlayn izləmə sistemi olmalıdır. Bir ildə dünya xalqları halal mala 30 trilyon dollar pul xəricləyirlər. Bu, böyük rəqəmdir. Bununla İslam ölkələri böyük qazanc əldə edə bilərlər. Halal turizm dünyada inkişaf edərsə, Azərbaycanın iqtisadi gəlirləri artacaq”.
İlhamə ƏBÜLFƏT