1 İyul 2017 08:43
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən təcili Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmovla müsahibəni təqdim edir.

- Hüseynbala müəllim, sonuncu dəfə barənizdə xəbər yayılmışdı ki, təcili xəstəxanaya aparılmısınız. Bu haqda informasiya verə bilərsiniz?

- Tamamilə doğru xəbər idi. Məni Mərkəzi Klinika Xəstəxanasının Reanimasiya Şöbəsinə apardılar. Orada işləyən həkimlərə çox minnətdaram. Mərkəzi Klinik Xəstəxananın baş həkimi İxtiyar müəllimə, Kamıran , Firdovsi və Vüqar doktora çox minnətdaram. Xadimələr, tibb bacıları daxil olmaqla bu insanlar özlərini xəstələrə fəda edirlər. İnanın, başıma gəldiyi üçün deyirəm ki, mən Azərbaycanda yeni bir baxış, insanlara keyfiyyətli xidmət, tibbi servis gördüm. Mən bizim səhiyyədə gedən bu islahatlara görə, prezidentə, nazir Oqtay Şirəliyevə minnətdaram.

Mən sonuncu dəfə mən SSRİ zamanı xəstəxanada müalicə almışam. İndi səhiyyə tam başqadır. Qeyd edim ki, Türkiyə və Almaniyaya xəstə yanına belə getmişəm. Amma Mərkəzi Klinik Xəstəxanada gördüyüm xidmət və sevgi tam başqa bir yenilik idi. Mən Azərbaycan səhiyyəsində bu inkişafa görə xidməti olan hər kəsə təşəkkür edirəm.

- Səhhətinizdə hansı problem yaranmışdı?

- Mənim qan təzyiqim var. Təzyiqim qalxdığı üçün təcili tibbi yardım çağırdıq. Məni Mərkəzi Klinik Xəstəxanaya apardılar. Orada tibbi personal gecə-gündüz səhhətimlə bağlı fəaliyyət göstərdilər.

- Müayinə üçün xaricə getməyi planlayırsınız?

- Xeyr. Buna ehtiyac yoxdur. Mərkəzi Klinik Xəstəxanada xidmətləri gördüm. Allah heç kəsə xəstəlik nəsib etməsin. Sizi inandırıram ki, Almaniya və Türkiyəyə müalicəyə gedəndə iki qat artıq pul çıxır. Mərkəzi Klinik Xəstəxana isə evimizin içidir, yüksək keyfiyyətli xidmət göstərilir. Mən insanlara sağlamlıq arzu edirəm.

- Maraqlıdır, xəstəxanaya düşdükdən sonra sizinlə bağlı kimlər maraqlandı, kimlər yanınıza gəldi?

- Təvazökarlıqdan uzaq olsun, xəstəxananın baş həkimi İxtiyar Sultanov yanıma gəlib dedi ki, qardaş, bura o qədər adam gəlib ki, məcbur olub insanları xəstəxananın akt zalına topladım, həkimləri də dəvət edib onlarla söhbət etdim. Bütün bu insanlara, mənim dostlarıma həkimlər məlumat verib ki, narahat olmayın, Hüseynbala Mirələmovun səhhəti qaydasındadır. Milli Məclisin üzvləri, dostlarım, iş yoldaşlarım səhhətimlə maraqlandı. Açığı, qürur duydum ki, bu insanlar mənimlə dərhal maraqlanıb. Onların hər birinə təşəkkür edirəm.

- Xəstəxanadan nə zaman evə buraxılmısınız?

- İyunun 5-də təcili xəstəxanaya yerləşdirildim. İyunun 12-də isə evə buraxıldım. Düz bir həftə xəstəxanada yatdım, səhhətim düzəldi. Hazırda həkim nəzarətindəyəm. Bu gün nevropatoloqun yanına getdim. Dedi ki, səhhətiniz tam qaydasındadır. Ancaq buna baxmayaraq bir müddət həkim nəzarətində olmalıyam.

- Yəni ictimai-siyasi fəaliyyətinizi bərpa etmişiniz?

- Bəli, artıq fəaliyyətə başlamışam. Dünən Xətai rayonunda böyük tədbir keçirildi, məndə bir neçə saat orada iştirak etdim. Bu gün sədri olduğum YAP-ın Xətai rayon təşkilatında oldum, iş yerimdə vəziyyətlə maraqlandım. Gördüyünüz kimi indi də Milli Məclisin növbədənkənar iclasında iştirak edirəm. Bir sözlə, hər şey qaydasındadır. Sadəcə bir qədər ehtiyatlı olmalıyam.

- Yaradıcılıq fəaliyyətiniz davam edirmi?

- Açığını deyim ki, bu müddət ərzində “Səndən öncə mən” adlı bir roman oxumuşam. Bu romanı təsadüfən əlimə götürdüm. Əsər xəstələrə qulluq edən bir gənc xanımın həyatından bəhs edir. Çox maraqlı roman idi. Mən heç nə yazmadım, amma xəstəxanada olduğum müddətdə bu romanı oxudum. Müəllifi xaricidir, amma azərbaycancaya tərcümə edilib. Kitab həvəskarlarına bu əsərə baxmağı tövsiyə edirəm.

- Bir müddət əvvəl sizin “Vəsiyyət” adlı pyesiniz çap olunub. Yaxın dövr üçün yeni kitab nəşr etməyi planlayırsınızmı?

- Mənim yaradıcılıq planlarım davam edir. Qeyd edim ki, “İki şah, iki sultan” adlı roman-trilogiyanı başa çatdırmaq üzrəyəm. Onun artıq iki kitabı hazırdır, üçüncü kitabın 60-70 faizini yazmışam. İnşallah yaxın bir neçə ayda bu əsəri də nəşrə verəcəyəm. Bu əsər əsasən Ağqoyunlu hökmdarı Uzun Həsən, Səfəvi dövlətinin əsasını qoyan Şah Xətai və Sultan Mehmetlə Sultan Səlim Yavuz haqqındadır. Bildiyiniz kimi Sultan Mehmet Uzun Həsənlə, Sultan Səlim isə Şah Xətai ilə müharibə edib. Əslində bu mövzuda çoxlu romanlar yazılıb. Mən çalışdım ki, iki imperiya arasında baş verən müharibəyə obyektiv işıq salım. Çünki hər ikisi bizim dövlətdir. Araşdırmışam və belə nəticəyə gəlmişəm ki, Qərb dövlətlərinin , konkret olaraq Roma papalarının təhriki ilə iki türk dövləti arasında müharibə baş verib. Beləcə iki nəhəng dövlətdən qorxan Qərb dünyası, Roma papaları qarşılarına məqsəd qoyub ki, bu dövlətləri üz-üzə gətirərək zəiflətsinlər. Onların təhriki ilə də, bu iki qardaş dövlət müharibə aparıb. Mən bu məsələni araşdırmaq üçün Bakı və İstanbul arxivlərində araşdırmalar aparmışam, ingilis mənbələrinə müraciət etmişəm.


Müəllif: Cavad