12 İyul 2017 11:36
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi əmlak özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, hərracda 21 dövlət əmlakı özəlləşdirilib.

Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Hərraca çıxarılan 1 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi investorlar arasında rəqabət yaradıb. Bakının Qaradağ rayonunda yerləşən 60 saylı mağaza hərraca çıxarılan ilkin qiymətinin 6 misli qədər daha yüksək qiymətə özəlləşdirilib.

23 min 500 manata təqdim olunan kiçik dövlət müəssisəsinə 151 min manat ən son qiymət təklif edilib. Həmçinin paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 57,7 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin start qiyməti 100 min manat olsada 162 min manata sahibini tapıb. Digər rəqabətli şəkildə özəlləşən əmlak Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Ümumi faydalı sahəsi 28,2 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsinin qiyməti hərracda 3 min 500 manatdan 9 min manatadək artıb.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nəsimi rayonunda yerləşən ümumi faydalı sahəsi 28,8 kv.m olan istifadəsiz qeyri-yaşayış sahəsini və Sabunçu rayonunda yerləşən 37 saylı mağazanı göstərmək olar.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Bu dəfəki hərracda Lənkəran şəhərində yerləşən “Lənkəran Broyler” səhmdar cəmiyyətinin 30 % səhm paketi 50 min 289 manata özəlləşdirilib.


Müəllif: lhamə Əbülfət