Paytaxtdakı 101, 187, 150, 173, 124 saylı marşrut xətlərinin hər biri ilə bağlı Bakı Nəqliyyat Agentliyinin “ALO 141” Çağrı Mərkəzinə gün ərzində ən azı 20 şikayət daxil olur.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
Mais Ağayevin sözlərinə görə, agentlik avtobusla sərnişindaşıma qaydalarına əməl etməyən, sərnişinlərin təhlükəsizliyi və rahatlığı baxımından vacib olan tələbləri yerinə yetirməkdən boyun qaçıran daşıyıcılara qarşı tədbirlərini davam etdirir: “175 nömrəli şəhərətrafı marşrut xətti var idi. Şah İsmayıl Xətai metro stansiyası-Hövsan qəsəbəsi üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə şikayət olunan marşrutlarla eyni xətdə idi. Həmin xətlə bağlı qərar verildi və sərnişindaşımanı həyata keçirmək digər daşıyıcıya həvalə olundu”.
Mais Ağayev bildirib ki, şikayət olunan 5 marşrut xətti üzrə də ciddi dəyişiklik olmasa, onlar daşıyıcıdan alınacaq: “Daşıyıcıya dəfələrlə xəbərdarlıq edilib. Müvafiq tapşırıqlar verilib və onları yerinə yetirmək tələbi qoyulub. Bundan nəticə çıxarılmasa, həmin xəttlər də alınıb digər daşıyıcıya həvalə olunacaq”.
BNA-nin rəsmisi qeyd edilib ki, agentlik xüsusi kurslar təşkil edib və marşrut sürücüləri həmin kurslarda iştirak edirlər.
Mais Ağayev qanunsuz marşrut daşımasından da danışıb: “Əsasən, qəsəbələrarası qanunsuz sərnişin daşıma halları var. Şəhərdaxili yollarda belə hallara rast gəlinmir”.
“Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov hesab edir ki, sərnişindaşıma sahəsində problemlərin aradan qaldırılması vacibdir: “Bəzi avtobus sürücüləri ilə sahibkarlar arasında anlaşma var. Həmin anlaşmaya görə, sürücülərə öhdəlik qoyulub və plandan artıq nə qazanırsa, sürücüyə çatır. Bu səbəbdən sürücülər özlərinin və sərnişinlərin həyatlarını təhlükə altırlar”.
Ekspert qeyd edib ki, hazırkı şəraitdə qayda-qanun yaradılması Bakı Nəqliyyat agentliyinin səlahiyyətləri çərçivəsində deyil: “BNA yarandığı gündən qərar qəbul edib ki, bütün marşrut xətləri kart sisteminə keçsin. Amma daşıyıcı özəldir və deyir ki, pulum yoxdu, karta keçə bilmirəm. Agentlik həmin daşıyıcını kənarlaşdırsa, xəttə buraxmağa avtobus yoxdur”.