Yataqxanalar haqqında danışanda bizim ən ağrılı yerimizə toxunursuz.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı deyib.
Onun sözlərinə görə, BDU-nun yataqxanalarının böyük bir hissəsi sökülüb, digər hissəsi də sökülmə ərəfəsindədir: “Maliyə vəsaiti olarsa, yeni yataqxana kompleksinin tikintisinə başlanacaq. Hələ ümid edirik.
Yaşayış yalnız 2 saylı yataqxanadadır ki, o da sökülə bilər. Ora da cəmi 200 nəfər tutur ki, bir hissəsi də qaçqınlardır.Yataqxanada qalmaq üçün tələbat yüksəkdir, amma yerimiz yox dərəcəsindədir. Ümumilikdə yataqxanaya yerləşdirmə pulsuzdur və yalnız öz tələbələrimiz üçün nəzərdə tutulub”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, vaxtilə universitetin 7 binadan ibarət yataqxana kompleksi olub : “Həmin kompleks 900 tələbə tuturdu. Hazırda yataqxanalardan 6-sı sökülüb , yalnız biri qalıb. 320 nəfərlik yeganə yataqxanada daha çox əcnəbi tələbələr qalır, amma yerli tələbələrdən də istifadə edənlər az deyil. 3 nəfər üçün nəzərdə tutulmuş otaq 35 manata, 2 nəfər üçün isə 50 manat təklif olunur.
Ancaq otaqların və ümumi yataqxananın vəziyyəti müasir tələblərə cavab vermir. Ona görə daha çox tələbəni təmin etmək üçün müasir tələblərə cavab verən yeni yataqxana kompleksi tikilir ki, o, 1000 nəfər tələbə tutumlu olacaq. Yataqxananın 2018-ci ilin sentyabr ayı üçün yekublaşıb, təhvil verilməsi gözlənilir. Kompleksin maliyə dəstəyi Heydər Əliyev Fonduna məxsusdur”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, vaxtilə ən böyük yataqxana kompleksi Azərbaycan Texniki Universitetinin olub. Hazırda orada məcburu köçkünlər yaşayır. Buna görə də tələbələrimiz yataqxanadan yararlana bilmir. 6 korpusdan ibarət kompleksin cəmi bir korpusunun üç mərtəbəsində tələbələr yaşayır ki, onların sayı da təxminən 220 nəfərdir. O tələbələr ən aşağı sosial vəziyyətə malik olanlardır. Qiyməti də elə nəzərə çarpan rəqəm deyil. Sadəcə dövlət rüsumu çərçivəsindədir”.
Nicat Abdullayev əlavə edib ki, tələbələr qalan korpusun ilk iki mərtəbəsində məcburi köçkünlər üçün orta məktəb fəaliyyət göstərir: “Ümid edirik ki, torpaqlarımız tezliklə azad olunacaq. İnsanlar öz dogma torpaqlarına qayıdacaq və boşalan yataqxanaları ya öz hesabımıza, ya da dövlət dəstəyi ilə müasir tələblərə uyğun şəraitə gətirəcəyik. Tələbələrin yataqxana ilə tmin edilməsində hər üç tərəf maraqlıdır. Həm universitet, həm də valideyn və tələbələr”.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, kirayə mənzil bazarında hər il olduğu kimi bu il də avqust ayının sonunda bahalaşma müşahidə olunur: “ Ümumi bazar üzrə bahalaşma 10,43 faizdir. O cümlədən tələbələrin kirayə qalmasına yararlı evlərdə 14,6 faiz qiymət artımı müşahidə edilir. Evlər əsasən bir otaqlı, iki otaqlı mənzillərdir. İki otaqlı mənzillərdə 16,8 faiz artım olub. Qiymətə təsir edən əsas amil tədris ilinin başlanmasıdır. Bir müddət sonra enmə müşahidə olunacaq”.