10 Noyabr 2017 13:41
4 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, qurtuluş savaşının lideri və cümhuriyyətin ilk prezidenti Mustafa Kamal Atatürkün ölümünün 79 ili tamam olur.

Mustafa Kamal Atatürk XX əsrin dahi şəxsiyyətlər sırasındadır. Dahi Atatürk bu siyahıya təkcə qurtuluş savaşında qalib gəldiyinə, Türkiyə Cümhuriyyətini qurduğuna görə deyil, həm də gələcəyə işıq salan sözləri sayəsində nail ola bilib. Məsələn, Atatürk vəfat etməzdən öncə Misirin Ankarada olan səfir dostu ilə şəxsi söhbəti zamanı dediyi sözlər hələ də ibrətamizliyini qoruyaraq saxlayır. Səfir Atatürkün vəfatından illər sonra yazdığı memuarında qeyd edirdi ki, dostu Mustafa Kamal sonuncu dəfə onunla söhbəti zamanı “yaxın gələcəkdə siyasi anlamda qasırğa gözlənilir. Əgər Türkiyə bu zəlzələdən sağ-salamat çıxa bilsə, onu kimsə dayandıra bilməyəcək” sözlərini deyib. Atatürkün nəzərdə tutduğu siyasi və hərbi qasırğa isə II Dünya Müharibəsi idi.

Teleqraf.com Mustafa Kamal Atatürkün vəfatının 79-cu ilində onun gələcəyə işıq salan sözləri ilə yad edir.

Mustafa Kamalın ən ibratamiz sözlərindən biri “Ağıl və məntiqin həll edə bilməyəcəyi məsələ yoxdur” ifadəsidir.

- Amerika, Avropa və dünya bilməlidir ki, Türkiyə xalqı qabiliyyətli millət kimi qeyd-şərtsiz azad və müstəqil yaşamaq qərarı verib. Bu haqlı qərarı pozmağa yönələn istənilən qüvvə Türkiyənin əbədi düşmənidir.

- Anadolu ən böyük xəzinədir.

- Əsla şübhə yoxdur ki, türklüyünü unudulmuş mədəni vəsfi və böyük qabiliyyəti bundan sonrakı inkşaf ilə yüksək mədəniyyət üfüqündə bir günəş kimi doğacaq. Bu dediklərim həqiqət olduğu gün səndən və mədəni bəşəriyyətdən istədiyim budur: Məni xatırlayın.

- Az müddətdə çox böyük işlər həyata keçirdik. Bu işlərin ən böyüyü, təməli türk qəhrəmanlığına və yüksək türk mədəniyyətinə söykənən Türkiyə Cümhuriyyətidir.

- Mən mənəvi miras olaraq heç bir doqma, heç bir donmuş və qəlibləşmiş bir qayda qoymuram. Mənim mənəvi mirasım bilik və hikmətdir. Məndən sonra məni qəbul etmək istəyənlər məntiqli və elmli olsalar, intellektual səviyyəyə gəlməyə çalışsalar və bunu prinsip olaraq qəbul etsələr, mənəvi varislərim olacaqlar.

- Məni görmək mütləq üzümü görmək anlayışından uzaqdır. Mənim fikirlərimi, duyğularımı anlayıb-hiss edirsinizsə, bu yetərlidir.

- Mənim cismim sözsüz ki, bir gün torpağa qovuşacaq, fəqət Türkiyə Cümhuriyyəti sonsuza qədər yaşayacaq. Və türk milləti güvən və mutluluğa zəmanət olan şərtlərlə, müasirlik yolunda tərəddüd etmədən addımlamağa davam edəcək.

- Mənim türk millətinə, türk cəmiyyətinə və türklüyün gələcəyinə tapşırıqlarım bitməyib. Bunları siz tamamlayacaqsınız və sözlərimi sizdən sonra gələnlərə çatdıracaqsınız.

- Bir toplumun çatışmazlığı nə ola bilər? Toplumu toplum edən, inkişafına səbəb olan güclər var. Düşüncə gücləri, sosial güclər. Düşüncələr anlaşılmaz, yararsız və ağlasığmaz uydurmalarla dolu olarsa, bu, artıq xəstəlikdir.

- Bir-birinizə hər zaman həqiqəti deyin. Həqiqət fəlakət və səadət gətirsə, yaxşı və pis olsa belə, heç vaxt həqiqətdən ayrılmayacağıq.

- Biz savadsız dedikdə məktəb oxumayan şəxsləri nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz elm və həqiqəti bilməyin vacibliyidir.

- Biz ancaq bir təməl prinsipə dayanaraq yararlana bilərik. O da budur: Türk millətini mədəni dünyada layiq olduğu mövqeyə yüksəltmək, Türkiyə Cümhuriyyətini sarsılmaz təməllər üzərində hər gün daha da gücləndirmək və bunun üçün də istibdad fikrini öldürmək...

- Bizə görə, Türkiyə Cümhuriyyətində qadın bütün türk tarixlərində olduğu kimi ən hörmətə layiq və hər şeydən üstün şərəfli bir varlıqdır.

- Bizi səhv yollara salan məxluqlar çox zaman din pərdəsinə bürünüblər. Saf və təmiz xalqımızı hər zaman dini qaydalar adı altında sözlərlə aldadıblar. Tariximizi oxuyun, dinləyin. Görəcəksiniz ki, milləti məhv edən, əsir edən iyrəncliklər hər zaman din pərdəsinə bürünmüş pisliklərdən doğub.

- Bu günün ehtiyaclarına uyğun qanunlar yaratmaq və onu yüksək səviyyədə tətbiq etmək ən mühüm məsələdir.

- Əsrlərlə olduğu kimi, bu gün də daxil olmaqla millətimizin məlumatsızlığından istifadə edərək min bir siyasi və şəxsi məqsəd məramlarını təmin etmək üçün dini alət kimi istifadə etmək təşəbbüsündə olanların daxildə və xaricdə varlığı, bizləri bu mövzuda söz söyləməyə vadar edir…

- Hər kəs bilsin ki, mənim üçün bir tərəf var: Cümhuriyyət, fikir və sosial inqilablar cinahı. Bu nöqtədə yeni Türkiyə toplumunda bir fərdin belə dediyimin kənarında olmasını istəmirəm.

- Bütün inkişaf insan fikrinin əsəridir. Fikri hərəkətə gətirmək birinci işimiz olmalıdır. Millətimizin millət mənliyinə hakim olması və düşünə bilməsi yetərlidir. Başlanqıcda səhv düşünsə də, az sonra səhvini duzəldə bilər. Fikir bir dəfə fəaliyyətə başladısa, hər şey yavaş-yavaş yoluna düşər və düzələr.

Teleqraf.com xatırladır ki, Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulun Dolmabaxca Sarayında vəfat edib. Dahi Atatürkün cənazəsi 15 il Ankara Etnoqrafiya Muzeyində saxlanılıb. 1953-cü ilin 10 noyabrında cənazə Anıtqəbrdə dəfn edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər