16 Noyabr 2017 18:21
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı İlham Əliyevin dediyi kimi, tolerantlıq bizim həyat tərzimizdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova bildirib.

Onun sözlərinə görə, hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, ziddiyyət təşkil etməsinə baxmayaraq, onun fikirlərinə dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdı: “Tolerantlıq fərdin özü kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə, onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Unutmaq lazım deyil ki, bizim üçün qəbuledilməz olan başqası üçün dəyər ola bilər. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir.

Müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında ən uğurlu formul tolerantlıqdır. Və təsadüfi deyil ki, birlik içində yaşamağa çağırış olaraq 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibəti ilə Beynəlxalq Tolerantlıq Günü təsis edilib. Qurumun nizamnaməsində qeyd olunduğu kimi, məqsəd dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirməsinə çağırış etməkdir”.

Bənövşə Məmmədova bildirib ki, məişətimiz, həyatımız çoxmədəniyyətlilik, müxtəliflik, tolerantlıq prinsipləri üzərində kök atdıqca multikulturalizm dövlətimizin başlıca prioritetlərindən birinə çevrilib: “Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən bir ənənəyə çevrilib. Bu, əsas qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı var”.

Dekan əlavə edib ki, indi əksər ali təhsil müəssisələrində multikulturalizmlə, tolerantlıqla bağlı mühazirələr oxunur, fənlər tədris olunur: “Azərbaycan Dillər Universiteti tolerantlıqla bağlı silsilə tədbirlər keçirən ali təhsil ocaqlarındandır. Universitetdə keçirilən tədbirlərdə xarici tələbələr də iştirak edir ki, bu da bizdə tolerantlığın bütün sahələrə nüfuz etdiyindən xəbər verir. Tarixi mənbələrə nəzər salanda Azərbaycan xalqının bütün dövrlərdə tolerantlığa böyük önəm verdiyini görmək mümkündür".


Müəllif: Şəfiqə

Oxşar xəbərlər