Bakıdan min kilometr uzaqda..
Bu fikri insanlar uzaq məsafələrə səfəri zamanı səsləndirir. Türk dünyasının ozanı Aşıq Veysəlin məşhur şeirindəki “Uzun incə bir yoldayam” sözlərini çoxları uzaq səfərlərdə ən azından düşüncəsindən keçirməmiş deyil. Beləcə, yol aldıq Gürcüstana...
Səfərin səbəbkarı
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin yarandığı gün-22 iyul Milli Mətbuat günü kimi qeyd edilir. Bu gün hər zaman haqqın, ədalətin yanında olan və hətta ictimai rəyə qələmə aldığı yazılarla təsir etməyi bacaran Azərbaycan jurnalistlərinin bayramı kimi diqqəti çəkir. Bu gün ilbəil jurnalistlərin yaddaşında tamam fərqli nüanslarla yadda qalır. Bu il isə “Bakı Metropoliteni” QSC-nin təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycanın bir qrup media nümayəndəsinin Gürcüstana səfəri təşkil edildi. Demək olar ki, bu səfərə bütün media orqanlarının nümayəndələri qatılmışdılar.
“16 saatlıq yol”
Səfərə hazırlaşarkən jurnalistlərin bir çoxu Gürcüstana getdiklərini, amma hara getdiklərini bilmirdilər. Elmlər Akademiyasının qarşısındakı parkda toplanıb, avtobusla hərəkətə başlayarkən məlum oldu ki, jurnalistlərin istirahət edəcəyi məkan Gürcüstanın cənubunda yerləşən Kabuleti şəhəridir. Azərbaycan sərhədindən keçdikdən sonra Tbilisiyə doğru hərəkət edən avtobusun aynasından baxanda hiss edilir ki, Gürcüstan artıq inkişaf mərhələsinə qədəm qoyub. Burada yol boyu saatı göstərən elektron tablolar diqqəti cəlb edir. Bu, bəlkə də, gecə sükan arxasında olan sürücülərin yuxuya getməməsi üçün edilib.
Tbilisini keçər-keçməz insanın gözləri önündə gözəl bir mənzərə açılır. Ucu-bucağı görünməyən meşələr, gursulu çaylar adamı valeh edir. Bir sözlə, jurnalistlər yorulmaq bilmədən rahat şəkildə Kabuletiyə tərəf istiqamət alır.
Avtobusda olan Azərbaycanın media əhlinin isə zarafatları, iş prosesində başlarına gələn gülməli əhvalatları danışmaları bu uzun yolun haradan başlanıb, harada bitəcəyini tamam yaddan çıxarmışdı.
Qara dənizə açılan mənzərə
İyulun 22-si səhər tezdən jurnalistlərin bir çoxunun ilk dəfə olduğu Kabuletiyə daxil oluruq. Bizim üçün ayrılan otelin otaqlarına yerləşdikdən sonra hər kəs istirahətin ləzzətini çıxarmaq üçün şəhər gəzintisinə çıxır. Burada yaşayan gürcülərlə söhbət zamanı məlum olur ki, şəhər dəniz kənarında ensiz bir zolaqda yerləşir. Kabuletidə əsas iki küçə olmasına baxmayaraq, şəhərin uzunluğu 12 kilometrdir. Elə daha çox inkişaf da məhz Qara dənizə yaxın iki küçədə diqqəti cəlb edir.
Kabuletidə dənizin sahili Xəzərdən fərqli olaraq qum yox, xırda daşlıqdır. Burada istirahət etmək üçün insanlara hər cür şərait yaradılıb. Çimərliklərə girmək üçün heç kimə bir qəpik olsun belə, pul verilmir. İstəkdən asılı olaraq, gün vannası üçün dəniz çarpayısı Azərbaycan manatı ilə 75 qəpikdir. Eləcə də, qayıqla həyəcanlı anlar yaşamaq istəyənlər 2,5 manatından keçməlidir. Dəniz üzərində paraşütlə gəzinti isə 25 manata başa gəlir. Kabuletidə yan tərəfləri açıq yay avtobusu ilə gəzintiyə çıxmaq istəyənlər 50 qəpiklə kifayətlənməli olur.
“Vyetnamka” qadağası
Kabuletidə gündüzlər insanlar çox olur. Gecə isə şəhərin mənzərəsi tamamilə başqa cür olur. Əylənmək istəyənlər üçün şəhərin mərkəzindən keçən küçənin kənarında və dənizə yaxın yerlərdə irili-xırdalı restoranlar, kafelər fəaliyyət göstərir. Səhərədək işləyən bu istirahət mərkəzlərinə giriş pulsuzdur. Yalnız bir diskoteka var idi ki, orada giriş 2,5 manat idi. Buraya nəzər saldıqda görünürdü ki, 10-a yaxın mühafizəçisi olan bu diskotekaya hər kəs daxil ola bilməz. Mühafizəçilərlə söhbət zamanı məlum oldu ki, içəri daxil olan hər kişinin üst-başı yoxlanılır. Eləcə də, diskotekaya çəkələklə girmək imkanı olduğu halda, “vyetnamka”ya qəti qadağa qoyulub. Mühafizəçilər niyə bu qadağanın qoyulmasını izah etməsələr də, təhlükəli olduğunu bildirdilər.
Batumidə bir gün
Kabuletidə olduğumuz müddətdə Gürcüstanın inkişaf etmiş şəhərlərindən olan Batumiyə səfər etmək insanda başqa bir təəssürat yaradır. Batuminin mərkəzi küçələri ilə hərəkət etdikcə şəhərin dizaynında klassika ilə modernliyin vəhdətini hiss etməyə bilmirsən. Şəhərin dənizkənarı bulvarında müxtəlif ölkələrdən gələn turistlər çoxluq təşkil edir. Acarların çox olduğu bu bölgədə hətta dil bilməyənlər belə, rahat şəkildə hərəkət edə bilər. Hədiyyə, suvenir və digər əşyaların satıldığı köşklərdə Azərbaycan dilində danışdıqda acar satıcılar səni başa düşür, hətta nələrinsə qiymətini soruşduqda türk dilində cavab verirlər. Burada maraqlı yerlərdən biri kanat vasitəsilə bütün Batumini görmək imkanıdır. Kanatla dağa doğru irəliləyərkən möhtəşəm bir şəhərin arxasında köhnə, bərbad vəziyyətdə evlərin şahidi olursan. Tbilisidə olduğu kimi, burada kanatın son dayanacağında kilsə ilə qarşılaşmalı olursan. Amma Kabuletidən fərqli olaraq, Batumidə tək minarəli məscid var.
Batumidə addımbaşı azərbaycanlılara rast gəlirsən və heç tanımadığın insanla doğma şəkildə salamlaşırsan. Hətta kanatla dağa enərkən bizimlə bir yerdə olan qazax öz aramızda Azərbaycan dilində danışdıqlarımızı başa düşdüyünü dedi. Söhbət zamanı məlum oldu ki, ailəsi ilə birgə Batumiyə dincəlməyə gəlib. O, Azərbaycan dilinin daha çox türkmən dilinə yaxın olduğunu bildirdi. Amma söhbətin sonunda həm qazaxların, həm də azərbaycanlıların türk olduğunu, eyni köklərə, adət-ənənələrə bağlılığını söylədi.
Qardaş Türkiyədə
Batumidən sonra növbəti səfər Türkiyəyə planlaşdırıldı və səhəri gün qardaş ölkəyə getdik. Gürcüstanın Sarp qəsəbəsindən Türkiyənin Artvin vilayəti, Hopa rayonuna keçərkən istər-istəməz doğmalıq hiss edirsən. Eyni dil, mədəniyyət və digər ortaq dəyərlər rahat şəkildə burada hərəkətə imkan verir. Kemalpaşada turistlər üçün geniş imkanlar yaradılıb. Düzdür, buradakı xidmət səviyyəsi Gürcüstanla müqayisə edilə bilməz.
Bizi Kemalpaşaya aparan mikroavtobusun sürücüsü ilə söhbətimiz zamanı bildirdi ki, Hopa ərazisində çay kolları var və əhalinin gəlir yeri əsasən buradandır. Onun dediyinə görə, özü hər il çay plantasiyasından 12 min dollar gəlir əldə edir. Eləcə də, hər il yay mövsümündə oğlu ilə birgə iki mikroavtobusla pul qazandığını bildirdi. O, “İstanbul bazar” ticarət mərkəzinin yanındakı 4 mərtəbəli təmir aparılan evi göstərərək, buranı övladları üçün tikdirdiyini söylədi.
Qənd aparmağı unutmayın!
Etiraf etmək lazımdır ki, Gürcüstanda bir sıra ərzaqlar, meyvə və alkoqolsuz içkilərin qiymətləri ucuzdur. Həm də buradakı məhsulların böyük əksəriyyəti keyfiyyətli olması ilə fərqlənir. Lakin biz azərbaycanlılar Gürcüstana gedərkən çay içməkdən zövq almaq istəyiriksə, mütləq çay və qənd aparmalıyıq. Bir neçə mağazanı gəzib çay tapmaq olar. Amma Gürcüstanda qənd tapmaq müşkül məsələdir. Ona görə də Gürcüstana istirahətə gedərkən özünüzlə qənd aparmağı unutmayın!
Onu da qeyd etmək olar ki, Kabuletidə çay dəstgahı anlayışı yoxdur. Burada içilən çay “katyol” çayından heç də fərqlənmir.
Erməni “bakinets”lər
Kabuletidə olarkən diqqət çəkən məqam isə burada ermənilərin çox olmasıdır. Burada yerli ermənilərlə yanaşı, Ermənistandan gələnlər də az deyil. Təsadüfən mağazaların birində suvenirlərin qiymətləri ilə maraqlanarkən satıcının bizim Bakıdan gəlməyimizi sual etməsi diqqətimi çəkdi. Və ardınca özünü “bakinets” adlandırması şübhə yaratdı. Onunla söhbət zamanı satıcının erməni olması və hələ də Bakı üçün darıxdığını ifadə eləməsi təəccüb doğururdu.
Burada olarkən mahnı festivalının keçirildiyini eşitdik. Axşam çağı səfərə gələnlərin bir hissəsi festivala getməyi arzulayırdı. Uzaqdan gələn musiqinin sədası Azərbaycan mahnılarını xatırladırdı. Amma yaxınlaşarkən məlum oldu ki, bu festivalın təşkilatçıları ermənilərdir. Onların uşaq mahnı və rəqs qrupları, ayrı-ayrı müğənniləri durmadan Azərbaycan mahnılarını, rəqslərini utanmadan oxuyub, oynayırdılar. Bu məqamda insanlarda sual yaranır, bəs bizim musiqiçilər niyə burada yoxdur?
Bəxtiyar MƏMMƏDLİ
Bakı-Gürcüstan-Bakı